Lavrov: "Rusiyanın münaqişənin həlli ilə bağlı konkret planı ola bilməz"

Lavrov: "Rusiyanın münaqişənin həlli ilə bağlı konkret planı ola bilməz"

"Moskva Dağlıq Qarabağda təmas xəttindəki vəziyyətin daha sakit olmasını vacib sayır". SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın XİN başçısı Sergey Lavrov bu gün keçirilən mətbuat konfransında deyib.

"Hesab edirəm ki, hazırda Dağlıq Qarabağın təmas xəttində sakitliyin təmin edilməsi üçün əlavə addımların atılması vacibdir. Bu, münaqişənin siyasi həllinə keçməyə kömək edə bilər"- deyə, Lavrov bildirib.

Nazir problemin bir dəfəyə və həmişəlik həllinin mümkünsüzlüyünü dilə gətirib. Onun sözlərinə görə, Dağlıq Qarabağın vəziyyəti də daxil olmaqla, yekun razılaşmaya nail olmaq üçün əlavə müzakirələr tələb edən məsələlər üzərində işləmək yollar müəyyən edilməlidir.

Lavrov qeyd edib ki, münaqişənin həlli üçün diplomatlar intensiv və müntəzəm olaraq fəaliyyət göstərirlər. XİN başçısı söyləyib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret planı ola bilməz: " Çünki, problemi yalnız tərəflər özləri həll edə bilərlər".

Nazirin sözlərinə görə, Rusiya bu prosesin digər iştirakçıları ilə birlikdə, onun həlli üçün şərait yaradır, problemin həllində tərəflərin mövqelərini müqayisə edir və indiyədək fərqlənən məsələlərdə tərəflərin ümumi məxrəcə gətirə biləcək uzlaşmaları təklif etməyə çalışır: "Biz tərəflərdən problemin həlli ilə bağlı müsbət impulsların gəlməsini gözləyirik".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə