Avropa Parlamenti yunanlara boyun əydi

Avropa Parlamenti yunanlara boyun əydi

Avropa Parlamenti (AP) Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə Avropa Birliyi (AB) arasında başladılması nəzərdə tutulan "birbaşa ticarət əlaqələri"nin qanuni əsası olmaması ilə bağlı qərar qəbul edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, AP-nin bu qərarı ilə Türkiyə dəniz və hava limanlarının Kiprin gəmi və təyyarələrinə açılması məsələsi də arxa plana keçib. AP-nin Hüquq İşləri Komissiyasının qərarına görə, kiprli türklərlə ticarət ancaq adanın yunan hissəsinin təsdiqindən sonra reallaşa bilər.

 

AP Hüquq Xidmətinin hazırladığı hesabatda kiprli türklərlə birbaşa ticarətin başlanılmasının ancaq "yekdilliklə" mümkün olacağını bildirmişdi. AB Hüquq Komissiyasında keçirilən toplantıda bu hesabatın lehinə 18 AP üzvü, əleyhinə isə 5 AP üzvü səs verib. Hüquq Komissiyasında Yaşıl və Liberallar istisna olmaqla digər siyasi qruplar yunanların istəklərini dəstəkləyib. Beləliklə, AP 2004-cü ildə AB hökumətlərinin ŞKTC ilə birbaşa ticarətin başlanılmasına istiqamətlənən qərarın qarşısını kəsib.

 

Qərara sərt reaksiya verən ŞKTC-nin prezidenti Dərviş Əroğlu "AB ilə inam böhranı yarandı, AB-nin acizliyi adada problemin həll olunmasını dəstəkləyəcək" deyib. Əroğlu Kipr türkünün 6 il boş yerə gözlədildiyini bildirib. O, qeyd edib ki, AB bununla da acizliyini və problemin həll edilməsi üçün BMT-nin apardığı danışıqlara faydasının olmayacağını isbat edib. Kipr prezidentinin mətbuat katibi Stefanos Stefanu isə bu qərarın qəbul olunması üçün ölkədəki bütün siyasi partiyaların birlikdə hərəkət etdiyini vurğulayıb.

 

AP Hüquq İşləri Komissiyası qərarını yazılı olaraq parlamentin Baş Konfransına göndərəcək. AP Baş Konfransı məsələ ilə əlaqədar bir qərara gələcək. Bununla belə bu mərhələdən sonra Şimali Kipr üçün müsbət istiqamətdə nəyinsə dəyişəcəyi gözlənilmir. Beləliklə də birbaşa ticarət üçün "səs birliyi" şərti qorunacaq. Qeyd edək ki, Türkiyə birbaşa ticarətin başladılması təqdirində Kiprə limanlarını açacağını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə