AŞPA-nın 5 nəfərlik nümayəndə heyəti seçkiqabağı vəziyyəti qiymətləndirmək üçün Azərbaycana gəlib

AŞPA-nın 5 nəfərlik nümayəndə heyəti seçkiqabağı vəziyyəti qiymətləndirmək üçün Azərbaycana gəlib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda 2010-cu il noyabrın 7-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinin seçkilərini izləyəcək missiyası Azərbaycana gəlib. SİA-nın xəbərinə görə, nümayəndə heyətinə AŞPA-nın Belçikadan olan və qurumda iqtisadi məsələlər və inkişaf komitəsinə yeni sədr seçilən Pol Vulle başçılıq edir.

 

Nümayəndə heyəti oktyabrın 19-21 tarixlərində seçkiqabağı vəziyyəti qiymətləndirmək üçün missiya həyata keçirəcəklər. Nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, həmçinin parlament seçkilərində iştirak edəcək siyasi partiya və seçki bloklarının rəhbərləri ilə görüşü nəzərdə tutulub.

 

Nümayəndə heyətinin Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov, Konstitusiya Məhkəməsinın sədri Fərhad Abdullayev, eyni zamanda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı nümayəndə heyəti və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəyi xəbər verilir.

 

Qeyd edək ki, AŞPA-nın otuz nəfərdən ibarət tam tərkibli nümayəndə heyəti isə seçkilərin keçirildiyi gün Azərbaycana gələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə