Heydər Əliyev adına Bakı neft emalı zavodunun əməkdaşları Müstəqillik Gününü qeyd ediblər

Heydər Əliyev adına Bakı neft emalı zavodunun əməkdaşları Müstəqillik Gününü qeyd ediblər
Bu gün Heydər Əliyev adına Bakı neft emalı zavodunda zavod rəhbərliyinin, əmək kollektivinin, eləcə də Nizami rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirilib. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbir iştirakçıları əvvəlcə zavodun qarşısında Ulu öndər Heydər Əliyevin şərəfinə ucaldılan büstü önünə əklil və çiçək dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini yad ediblər.

Zavodun direktoru Elman İsmayılov çıxış edərək toplantı iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan xalqının müstəqillik uğrunda keçdiyi yoldan söz açıb. E.İsmayılov Azərbaycanın dövlət müstəqilliyinin təmin olunmasında və möhkəmlənməsində əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən yeni neft strategiyasının rolundan ətraflı bəhs edib. O deyib: "Neft strategiyasının həyata keçirilməsində Ulu öndərin adını şərəflə daşıyan Bakı Neft Emalı Zavodu iqtisadiyyatımıza öz töhfəsini verməkdədir. ED-AV-6 qurğusunda buxar qazının vakuum kalonunun, dizel yanacağı və kerosinin qələviləşdirilməsi, S-2 sobasında su buxarının istehsalı bölməsinin, 55 və 43 saylı qurğularda avtomatlaşdırılmış idarə sisteminin, hidro-təmizləmə blokunun istismara verilməsi və s. Zavod kollektivinin əldə etdiyi nailiyyətlərdəndir".

Bayram tədbirində Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov və Qarabağ əlilləri, Şəhid Ailələri və Müharibə Veteranları İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxış edərək müstəqillik yollarından və bu müstəqilliyin qazanılmasında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə