“İrəli” İctimai Birliyi 9 illiyini qeyd edib TƏDBİR

“İrəli” İctimai Birliyi 9 illiyini qeyd edib TƏDBİR

Bu gün "İrəli" İctimai Birliyinin IX hesabat konfransı işə başlayıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının təmsilçiləri iştirak edirblər.

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Təşkilatın fəaliyyətinin əsas istiqamətləri ilə bağlı məlumat verilərkən bildirilib ki, Prezident İlham Əliyevin doğum günündə - 2008-ci il dekabrın 24-də təsis edilən "İrəli" İctimai Birliyi fəaliyyətə başladığı gündən Azərbaycanda dövlət siyasətini geniş şəkildə dəstəkləməklə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, bölgələrdə gənclərin inkişafına istiqamətlənən mühüm və ardıcıl layihələr həyata keçirir.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov çıxışında yarandığı ilk gündən cəmiyyətin həyatında fəal iştirak edən "İrəli" İctimai Birliyinin bu baxımdan öndə gedən gənclər təşkilatlarından biri olduğunu vurğulayıb. Azərbaycanda gənclər və idman sahələrinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdıran komitə sədri Milli Məclisdə gənclər və idman komitəsinin, Prezident Administrasiyasında gənclər və idman məsələləri şöbəsinin fəaliyyətə başlamasının bu diqqət və qayğının göstəricisi olduğunu bildirib. "İrəli"nin uğurlu fəaliyyətindən danışan F.Muradov təşkilatın region gəncləri üçün reallaşdırdığı layihələrin önəmini xüsusi qeyd edib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev gənclər təşkilatlarının dövlət gənclər siyasətinin reallaşmasında önəmini xüsusi vurğulayaraq, bu baxımdan "İrəli" İctimai Birliyinin özünə layiqli yer tutduğunu deyib. Nazir müavini təşkilatın paytaxtda və bölgələrdə liderlik məktəbi və s. istiqamətlərdə silsilə layihələr reallaşdırdığını diqqətə çatdırıb. Qeyd edib ki, "İrəli" İctimai Birliyi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması işinə öz töhfəsini verir.

Son illər Azərbaycanın gənclər və idman sahələrində mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini deyən İ.Babayev gənclər təşlilatlarının bütün bu işlərdə fəal iştirak etdiklərini bildirib. Nazir müavini "İrəli"nin doqquz illik fəaliyyətinin uğurlu olduğunu vurğulayaraq, quruma qarşıdakı illərdə də uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Haclyev "İrəli" İctimai Birliyinin fəaliyyət göstərdiyi doqquz il ərzində gənclər təşkilatları arasında fəallığı ilə seçildiyini diqqətə çatdırıb. Fondun dövlət gənclər sitasətinin reallaşmasında mühüm rol oynadığını qeyd edən F.Hacıyev Azərbaycanın dövlət gənclər siyasəti modelinin dünyaya nümunə olduğunu vurğulayıb.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə digər nüfuzlu gənclər təşkilatları kimi, "İrəli" İctimai Birliyinin də səmərəli fəaliyyəti ilə seçildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün Azərbaycanda gənclər təşkilatlarının uğurlu fəaliyyəti dövlət tərəfindən yaradılan əlverişli şəraitin sayəsində mümkün olub.

Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov bu gün ölkəmizdə gənclər təşkilatlarının uğurlu və səmərəli əməkdaşlığının onların dövlətçilik maraqları və güclü Azərbaycan naminə vahid mövqedən çıxış etmələrinin göstərici olduğunu söyləyib, "İrəli" İctimai Birliyinə uğurlar arzulayıb.

Çıxışlardan sonra "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov təşkilatın hesabat dövründəki fəaliyyətinin yekunları ilə bağlı məruzə ilə çıxış edib. Bildirib ki, il ərzində qurum gənclərin inkişafı istiqamətində səmərəli fəaliyyət göstərib. Təşkilatın reallaşdırdığı tədbir və layihələr iki mindən çox gənci əhatə edib. Bundan başqa, fərdi gənclərin təşəbbüskarı olduğu 12 layihə həyata keçirilib ki, onların əhatə dairəsi 300 gənci keçib. İl ərzində təşkilata üzv olmaq üçün 2744 gənc müraciət edib.

Diqqətə çatdırılıb ki, "İrəli" İctimai Birliyi "İslam Həmrəyliyi İli"ndə bir sıra layihələr reallaşdırıb. IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə təşkilat mindən çox gəncin iştirakı ilə idmanın on növü üzrə "Gənclər kuboku" yarışlarını təşkil edib.

Sonra "İrəli" İctimai Birliyinin il ərzindəki fəaliyyətinin yekunlarına dair videoçarx nümayiş etdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə