AXCP özünü bolşevik, Müsavat isə menşevik hesab edir SİYASİ TƏHLİL
Yaxud, Əli Kərimli və Arif Hacılının sonu 2018-ci ildə reallaşacaq
Artıq uzun illərdir ki, davam edən və barışmaz xarakteri alan AXCP-Müsavat qarşıdurmasının nə zamansa başa çatacağı kimsəyə inandırıcı görünmür. Çünki ortada olan və reallaşdırıla bilinməyən iddialar buna imkan verməməkdədir. Hətta bu gün dünyanın müasir və inkişaf edən siyasi arenasında bu kimi partiyaların fəaliyyət göstərməsi, daha dəqiq desək, “fəaliyyət göstərmək” adı altında yalnız fərdi maraqlara xidmət etməsi onların aşkar simalarını ifşa edir. Yəni xarici siyasi dairələrdə də adıçəkilən partiyaların hər hansı bir uğura imza atması inandırıcı görünmür. Bu ifşa isə artıq belə bir nəticəyə gəlməyə imkan yaradır ki, hələ ötən əsrin ikinci onilliyi zamanı bolşevizm ideologiyası ilə menşeviklik arasındakı cərəyan edən hadisələrin inikasını, yəni əksini cəbhəçilərlə müsavatçılarda görmək elə də çətinlik yaratmır.
Onlar bir-birindən xofludurlar
Lakin ortada digər bir maraqlı nüanslar mövcuddur. Bu kimi məsələnin təhlilini apararkən, biz nəinki adıçəkilən partiyalar arasındakı münaqişələri, o cümlədən, həmin partiyaların uzun illərdəən bəri davam edən daxillərindəki nifaqlı münasibətlərin şahidlərinə çevrilirik. Bolşevik və menşevik təfəkkürü bu partiyaların daxillərinə artıq o qədər hopub ki, hətta sədrlər kiçik bir etirazlı hal gördükləri vəziyyətdə dərhal xoflanır, sədrlik kürsülərinin əldən veriləcəyindən ehtiyat etməyə başlayırlar.
Məsələn, Müsavatdakı etibarlı mənbədən Arif Hacılının sosial şəbəkədə açdırdığı və partiyasna aid olan qapalı səhifədə belə bir qeyd etdirdiyi bildirilir. SİTAT: “Bizə dönük çıxıb getmiş adamların yazılarına dəstək verməyi, xeyir işlərində yanlarında olmağı, barələrində təriflər yazmağı tərgidin. Nəzərə alın ki, bu yolla dönüklüyə stimul verirsiniz”.
Məhz bu amil həmin təfəkkürlə, yəni meydan düşüncələri ilə hakimiyyətə can atmağın yersiz iddia olduğunu bir daha sübuta yetirir. Partiyadaxili müxalifətçiliyə dözümsüzlüyün nümayişi də söz yox ki, belə bir nəticəyə gəlməyə kifayət qədər imkan yaradır.
Arif Hacılı yenidən sabiq müsavatçıların hədəfində
Yeri gəlmişkən,Müsavatı tərk edib getmiş şəxslər də bu tələbi aşkarladıqdan sonra, partiyadakı adamları vasitəsiylə onu “skrinşot” edib paylaşıblar. Bundan sonra isə A.Hacılıya qarşı kəskin tənqid kampaniyasına başlanılıb. Keçmiş müsavatçılar Hacılını diktatorluqda ittiham edirlər. Onlar qeyd edirlər ki, partiyanı “bizim kimi düşünməyən bizdən deyil” prinsipiylə idarə edən diktator başqan, partiya daxilində növbəti parçalanmanın əsasını qoyub. Bu səbəbdən, çox yaxın vaxtlarda partiyadan kütləvi istefaların başlayacağı da iddialar arasındadır. Əbəs deyil ki, Müsavatdakı başqan müavini vəzifəsindən istefa verən Elman Fəttahın bu addımı digər müavin Tofiq Yaqublu və onun qohumu, partiyanın divan üzvü Alya Yaqublu tərəfindən dəstəkləndi. Çünki E.Fəttah partiya rəhbərliyinin bilavasitə avtoritar idarəçiliklə məşğul olduğunu, demokratik dəyərlərin isə ümumiyyətlə olmadığını bəyan etmişdi.
Əli Kərimli də bənzər vəziyyəti yaşayır – Gözəl Bayramlı və Fuad Qəhrəmanlı istefa verib, əllərində olan ciddi kompromatları ictimailəşdirəcəklər
Ancaq qeyd edildiyi kimi, dağıcı müxalifətdə bənzər aqibəti yaşayan yalnız A.Hacılı deyil. AXCP sədri Əli Kərimlidə də eyni halı yaşamaqdadır. Çünki ölkə müxalifətinin sıradan çıxmasında əsas rol oynayan bu məsələnin ilk yaradıcıları Ə.Kərimli sonradan həmin keçici sindromu “liderlik” iddiasında olan digər partiya sədrlərinə də yoluxdurub. Əlbəttə ki, bu tipli ambisioz mövqelər cəmiyyətdə müxalifətə qarşı itirilmiş inamı ümumiyyətlə, yox edir, nəticədə digər müxalifətin daha da dərindən parçalanması prosesi sürətlənir. Həmçinin, AXCP-dən sızan məlumata görə, artıq Ə.Kərimlinin qurbanlarına çevrilmiş müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da çox yaxın zamanlarda istefaya gedəcəklərini bəyan edəcəklər. Onların bir sıra arqumentli ittihamları ilə yanaşı, Ə.Kərimliyə aid kompromatlarının da olduğu bildirilir.
AXCP sədri ilə bağlı daha bir ilginc ittihamı irəli sürmək mümkündür. Məsələn, AXCP ilk partiyalardandır ki, “Yurd” qrupunun rəhbəri olmuş Kərimlinin ambisiyaları üzündən həmin təşkilat parçalanmağa başladı və ölkədə parşalanmış partiyadan digər partiyaların yaranmasına səbəb olan vəziyyət yaşandı. Daha dəqiqi, partiyaların əksəriyyətinin digərilərinin parçalanmasından yaranması ənənəsinə start verildi. Nəticədə bir partiya digərini rəqib kimi deyil, düşmən görür, bu halda isə hansısa məqsəd üçün bir yerə toplaşmağa imkan vermir. Son günlər biz bir daha həmin vəziyyəti yetərincə müşahidə etmişik.
Nəticə etibarilə bir-birlərini çıxdaş etməkdən ötrü başladılmış dava-şavalar – Əli Kərimli, Arif Hacılı və bu ambisiyanın daşıyıcı olan digər bəzi partiyaların fəaliyyətləri müxalifətin sonunu çatdırıb. İndi isə öz sonları yetişib və xüsusilə, 2018-ci ildə keçiriləcək prezident seçkiləri necə deyərlər, naftalin iyi verən həmin şəxslərin uğursuz aqibətlərini reallaşdıracaq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB