Novruz Məmmədov: “2017-ci il Azərbaycan üçün ən uğurlu illərdən olub” MÜSAHİBƏ
SƏS TV Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun müsahibəsini təqdim edir:
- Novruz müəllim, Prezident İlham Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü mühüm işləri ümumilikdə necə xarakterizə etmək olar?
- Hazırda dünyada müəyyən maraqlar uğrunda mübarizə dövlətləri çətin vəziyyətdə qoyur. Bu, kiçik dövlətlərin qarşılarına qoyduğu məqsədi həyata keçirməsinə çətinlik yaradır. Buna baxmayaraq, 2017-ci il Azərbaycan üçün ən uğurlu illərdən olub. Bu il Prezident tərəfindən Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilmişdi. İslam həmrəyliyi və sivilizasiyalararası dialoq bir-biri ilə bağlıdır. Azərbaycan tərəfindən bu istiqamətdə bir sıra addımlar atılıb. Konfranslar, seminarlar, forumlar keçirilib. Dünyadan yüksək səviyyəli nümayəndələr bu tədbirlərdə iştirak ediblər. Bu onunla bağlıdır ki, Azərbaycanın daxilində digər məsələlər həllini tapıb və bu, imkan verib ki Azərbaycan bu kimi məsələlərə öz töhfəsini versin. Bu, beynəlxalq münasibətlərdə sabitliyə, təhlükəsizliyə töhfə vermək üçün nümunədir.
2017-ci ilin ən böyük hadisələrindən biri kimi Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışını qeyd edə bilərik. Bu, Şərqlə Qərbi birləşdirən Böyük İpək Yolunun mühüm tərkib hissəsi, Azərbaycan üçün beynəlxalq əməkdaşlığa yol açan, sabitlik və təhlükəsizliyə zəmanət verən layihədir. Fəxrlə deyə bilərəm ki, Azərbaycan bu layihəni yerinə yetirdi. Biz bunun nə dərəcədə əhəmiyyətli olduğunu, Azərbaycana, regiona və beynəlxalq əməkdaşlığa hansı töhfələri verəcəyini görəcəyik.
Bu il ərzində ölkənin xarici siyasətində ən mühüm hadisələrdən biri kimi Azərbaycan prezidentinin Brüsselə səfərini göstərmək olar. Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanmasına start verildi və müəyyən müddəalarla bağlı razılaşma əldə edildi. Bu, çox böyük hadisədir.
- 2017-ci ildə ciddi uğurların, nailiyyətlərin olduğunu dediniz, 2018-ci il də uğurlar sessiyasına Dağlıq Qarabağ münaqişəsinin həllində sülhün əldə olunması əlavə oluna bilər? Bu məsələdə proqnozlarınızı bilmək istərdik.
- Ermənistan tərəfi danışıqlar prosesini yubatmaq üçün əlindən gələni edir. Bu gün dünyada çox böyük bir gərginlik var və bu gərginlik ATƏT-in Minsk qrupunun üzvlərini də narahat edir. Bu nöqteyi-nəzərdən, müəyyən mənada demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə sanki diqqət azalıb. Buna baxmayaraq son vaxtlar həmsədrlərin regiona səfərləri baş tutdu, Azərbaycan Prezidenti ilə görüşləri oldu, həmçinin Avropa İttifaqının və ATƏT-in nümayəndələrinin Azərbaycan Prezidenti ilə görüşləri keçirildi və onlar nümayiş etdirdilər ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı proseslər gedir. Eyni zamanda, Rusiya rəhbərinin bəyanatı oldu. Yəni proseslər gedir, ancaq Ermənistan tərəfi həmişə danışıqlar prosesini yubatmağa çalışır və bunun üçün əlindən gələni edir.
Beynəlxalq hüquq prinsiplərinə əməl edilmədiyi halda dünyada sabitlikdən, inkişafdan danışmaq olmaz. Ədalət prinsipinə riayət etmək lazımdır. O zaman dünyada sabitlik, təhlükəsizlik bərqərar olar, daha güclü inkişaf gedər.
- "Şərq Tərəfdaşlığı" sammitində qəbul edilən bəyannamə Azərbaycanın böyük qələbəsi hesab edilə bilərmi?
- Sammitdə qəbul edilən bəyannamə Azərbaycanın böyük qələbəsidir. Bu gün dünyada çatışmayan bir şey var - ədalət, beynəlxalq hüquq bir tərəfə atılıb. Belə olan halda böyük müharibə təhlükəsi daha da yaxınlaşır. Gərək bu dövlətlərin rəhbərləri, ictimaiyyəti daha həssas olsunlar və ədalət prinsipindən uzaq olmasınlar. Avropa İttifaqı gözləməli idi ki, Avropada separatizmlə bağlı hadisələr baş verəndən sonra belə qərar qəbul etsin?! Bunu çoxdan etmək lazım idi. Yoxsa "hər hansı bir Avropa ölkəsində separatizm baş qaldırıbsa, gəlin, bununla bağlı qərar verək” prinsipi düzgün deyil. Dağlıq Qarabağ münaqişəsi SSRİ dağılandan sonra yaranan ilk münaqişələrdən biri idi və əgər bu münaqişə ilə bağlı vaxtında konkret və ədalətli mövqe olsaydı, bu problem həllini tapsaydı, digər münaqişələr olmazdı. Bütün dünya görəcəydi ki, beynəlxalq hüquqdan kənara çıxıb bir addım atacaqsansa, bunun perspektivi yoxdur. Amma görürlər ki, bir münaqişə var və illərlə uzanır, həllini tapmır və belə olan halda münaqişələrin sayı artır.
Bu ilin noyabrında Brüsseldə "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində qəbul edilən bəyannamədə ölkələrin ərazi bütövlüyü və suverenliyinə dəstək böyük əhəmiyyət daşıyır. Bu, əslində Azərbaycan tərəfinin münaqişənin həlli istiqamətində gedən proseslərdə böyük qələbəsidir. Əgər indiyə kimi Avropa ölkələrinin mövqeyində ikili yanaşmalar olurdusa, bundan sonra olmayacaq. Bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin də məsələnin həllinə diqqətini gücləndirəcək.
Bu il ərzində ölkənin xarici siyasətində ən böyük hadisələrdən biri Azərbaycan Prezidentinin Brüsselə səfəri oldu. Orada Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanmasına start verildi və müəyyən müddəaları ilə bağlı razılaşma əldə edildi. Bu, çox böyük hadisədir. Azərbaycanın məqsədi qarşılıqlı surətdə və faydalı əməkdaşlıq etməkdir.
- Avropada separatizm təhlükəsi daha böyük vüsət alıb. Sizin buna münasibətiniz necədir?
- Bu dünyada bu gün çatmayan bir ədalət var. Beynəlxalq hüquq sanki kənara atılıb. Bunun konkret nümunəsi tək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi deyil. Bütün məsələlərdə bunu görmək olur. Bütün dövlətlər öz imkanlardan istifadə edib demək istəyir ki, mən buyam və bu məsələni belə həll etməliyəm. Bu, ən böyük təhlükədir. Böyük müharibə təhlükəsi daha da yaxınlaşır. 21-ci əsrin ikinci onilliyində bu dövlətlər, onların rəhbərləri müəyyən ictimaiyyət nümayəndələri daha diqqətli olmalıdırlar. Ədalət prinsipindən uzaqlaşmaq olmaz. Ədalət prinsipi yoxdursa, universal dəyərlər yalnız sözdən ibarət olacaq. Niyə Avropada gözləməli idilər ki, onlarda separatizmlə bağlı hadisə baş versin və daha sonra onlar ədalətli mövqe göstərsinlər? Bu səhv yanaşmadır. İlk vaxtlardan ədalətli mövqe sərgiləmək lazım idi. Beynəlxalq hüquqa, müvafiq sənədlərə, qətnamələrə onlara riayət etmək lazımdır. Aİ ölkəsində separatizm baş qaldırandan sonra qərar verirlər ki, separatizmə mübarizə aparaq. Bu düzgün deyil. Münaqişə başlayan zaman Dağlıq Qarabağ məsələsi ilə bağlı konkret mövqe olsaydı, ədalətli mövqe nümayiş etdirilsəydi, digər münaqişə ocaqları yaranmazdı. Bütün dünya birliyi görəcəkdi ki, beynəlxalq hüquq çərçivəsindən kənar addım atılanda, bunun perspektivi olmayacaq. Avropada separatizm təhlükəsi daha böyükdür. Ən azı orada ən böyük hadisə - II Dünya müharibəsi olub və bu proseslə bağlı çoxlarının ürəklərində müəyyən hisslər qalıb. Ona yaxın Avropa ölkəsində konkret problemlər var, sakitcə gözləyirlər ki, imkan düşən kimi ciddi addımlar atsınlar. Onların qarşısını güclə almaq mümkün olmayacaq. Faciə bundan ibarətdir. Ədalət prinsipinə riayət etmək lazımdır. O zaman dünyada təhlükəsizlik, sabitlik, davamlı inkişaf təmin olunar.
- Bildiyiniz kimi, Paraqvay parlamenti Xocalı soyqırımının tanınmasına dair bəyanat qəbul edib. Siz bunu necə şərh edərdiniz?
- Paraqvay parlamentinin Xocalı soyqırımını tanıması Azərbaycanın növbəti uğuru kimi dəyərləndirilməlidir. Paraqvayda Azərbaycan haqqında məlumatlı olanlar, eləcə də bizim bu gün Paraqvay haqqında məlumatlarımız o qədər çox deyil. Bütün bunların hamısı müəyyən işin, prosesin, aparılan danışqıların, görülən işlərin nəticəsində ortaya çıxır. Bu nöqteyi-nəzərdən qeyd edə bilərəm ki, doğurdan da bu addım çox uğurludur. Nəhayət ki, bu ölkəyə də mövqeyimizi çatdıra bilmişik. Təbii ki, bu istiqamətdə işlər davam edir. Artıq Xocalı faciəsini soyqırımı kimi qəbul edən ölkələr çoxdur. Şübhəsiz ki, bu ölkələrin sayı getdikcə artacaq.
- BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib. Bu kimi mühüm beynəlxalq məsələlərin həllində Azərbaycanın nümayiş etdirdiyi mövqe beynəlxalq hüququn aliliyinə hörmətin, sülhün və təhlükəsizliyin, tolerantlığın möhkəmlənməsinə əməli töhfənin bariz nümunəsi sayıla bilərmi?
- Qüds məsələsi BMT qətnamələri, beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Azərbaycan tərəfi İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı sammitində öz mövqeyini bildirdi. Biz bu məsələdə müsəlman ölkələri ilə bir yerdəyik. Qüdslə bağlı atılan addım beynəlxalq aləmdə gərginlik yaradıb. Bu addımın atılmasına ehtiyac yox idi. Bu, dünyada beynəlxalq münasibətlərə töhfə vermir, əksinə, vəziyyəti gərginləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB