İtaliya mətbuatı: "Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə irəliyə doğru daha bir addım atır"

İtaliya mətbuatı: "Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə irəliyə doğru daha bir addım atır"

İtaliyanın “Agenparl” informasiya agentliyi “Azərbaycan Avropa İttifaqı (Aİ) ilə münasibətlərdə irəliyə doğru daha bir addım atır. Avropa Parlamenti xarici siyasət və birgə təhlükəsizliyin həyata keçirilməsi haqqında qətnamə qəbul edib” sərlövhəli məqalə yayıb. Məqalədə dekabrın 13-də Avropa Parlamenti tərəfindən qəbul edilmiş Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik haqqında qətnamə və onun Aİ-Azərbaycan münasibətləri üçün əhəmiyyətindən bəhs olunur.

Bildirilir ki, qətnamədə Aİ-nin xarici siyasət və təhlükəsizliyə dair qlobal strategiyasının əsas prinsipləri öz əksini tapıb. Aİ-nin Şərq Tərəfdaşlığına daxil olan bütün ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğu təsdiqlənib. Bu səbəblərdən həmin sənədin 20 ildən artıq müddətdə Ermənistanın hərbi təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizinin işğal olunduğu Azərbaycan üçün prinsipial əhəmiyyətə malik olduğu vurğulanır.

Avropa İttifaqının ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mövqeyinin 2016-cı ilin noyabr ayında Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində də tanındığı bildirilərək hazırda bu mövqenin hər üç platforma - Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Komissiyası və Avropa Parlamenti çərçivəsində vahid mövqe kimi təsdiq olunduğu diqqətə çatdırılır və sonuncu qətnamənin təcavüzkar separatizm və qonşu ölkələrin ərazi iddialarından əziyyət çəkən bütün dövlətlər və Avropada mövcud olan bütün münaqişələr üçün vahid yanaşma, o cümlədən Şərq Tərəfdaşlığı ölkələri də daxil olmaqla bütün ölkələrin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsinə hədəflənən münasibət tələb etdiyi vurğulanır. Qeyd olunur ki, sənədin Aİ-nin xarici siyasət strategiyasının əsasını müəyyənləşdirməsi onun Azərbaycan üçün əhəmiyyətini daha da artırır.

Məqalədə qeyd edilir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin özü təşkilatın xarici siyasətinin həyata keçirilməsində qətnamənin nəzərə alınmasının vacibliyini vurğulayıb. Yazıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüssel Sammitində səsləndirdiyi fikirlərə də yer verilir: “XXI əsrdə təcavüzkar separatizm qəbul edilə bilməz. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır.

Qeyd olunur ki, Avropa Parlamentinin sonuncu qətnaməsini bu mövqenin praktiki təcəssümü hesab etmək olar. Rəsmi Bakının uzun müddətdir ki, davamlı şəkildə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına münasibətdə “ikili standart”ın tətbiq olunduğuna dair xəbərdarlıq etdiyi vurğulanan yazıda bundan sonra Ermənistan tərəfinin öz müqəddəratını təyinetmədən danışmaq cəhdinin bu sənədlə ziddiyyət təşkil edəcəyi bildirilir.

Məqalədə Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəsi səfir Fuad İsgəndərovun fikirlərinə də yer verilir, Ermənistandan başqa Şərq Tərəfdaşlığının bütün ölkələrinin sözügedən qətnaməni alqışladıqları, erməni tərəfinin bütün cəhdlərinin puç olduğu, Avropanın maraqlarının təcavüzkarların və separatçıların istəklərinə üstün gəldiyi qeyd olunur.

Məqalədə, habelə Avropa Komissiyasının Ticarət üzrə Baş Direktorluğunun rəsmi internet səhifəsində Avropa İttifaqı şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyətinin yaradacağı məsuliyyətlə bağlı xəbərdarlığın yerləşdirilməsinə də diqqət çəkilir.

Bu addım da Aİ tərəfindən Azərbaycanın mövqeyinə dəstək kimi dəyərləndirilir. Yazıda yuxarıda qeyd olunan səbəblərdən qətnamə Azərbaycanın Aİ ilə münasibətlərində əhəmiyyətli irəliləyiş kontekstində nəzərdən keçirilir. Hazırda bir çox Aİ institutları və Avropa ölkələrinin Azərbaycanın strateji önəmini qəbul etdiyi, Azərbaycanın İtaliya da daxil olmaqla, Aİ-nin 9 ölkəsi ilə Strateji Tərəfdaşlıq haqqında Bəyannamə qəbul etdiyi bildirilir.

Məqalədə Avropa İttifaqı-Azərbaycan əlaqələrinə də toxunulur, Aİ-nin ölkəmizin əsas ticarət tərəfdaşı olduğu və ölkəmizin xarici ticarət dövriyyəsinin təxminən yarısının Aİ üzv ölkələrinin payına düşdüyü diqqətə çatdırılır. Aİ-nin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra keçən dövr ərzində ölkə iqtisadiyyatına 20 milyard ABŞ dolları həcmində sərmayə yatırdığı bildirilir.

Yazıda digər Şərq Tərəfdaşlığı ölkələrindən fərqli olaraq, Aİ-nin Azərbaycanla münasibətlərində iqtisadi komponentin, xüsusilə də enerji mövzusunun ikitərəfli səmərəli siyasi dialoq üçün, habelə hazırda müzakirə olunan strateji tərəfdaşlıq haqqında saziş üzrə müzakirələr üçün sabit və etibarlı platforma olduğu vurğulanır, bu xüsusda Cənubi Qaz Dəhlizi və onun əhəmiyyətinə də toxunulur. Bu layihənin Azərbaycanın Aİ ilə birgə effektiv əməkdaşlıq modeli olduğu diqqətə çatdırılır.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə