Valeh Ələsgərov: "Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmiz mühüm rol oynayır" - MÜNASİBƏT
Milli Məclisin sədr müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikası Bundestaqının millət vəkili Rolf Hempelman ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sədr müavini Rolf Hempelmana Milli Məclisin fəaliyyəti, qanunvericilik işləri, təbii ehtiyatlar, eləcə də enerji resurslarının hasilatı, işlənməsi və pay bölgüsü sahəsində qanun yaradıcılığı barədə məlumat verib. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf etdiyini bildirən Valeh Ələsgərov, ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdiyini qeyd edib: "Bu gün ölkəmiz iqtisadi inkişafına görə regionda lider dövlətdir və dünya miqyasında öz layiqli yerini tutub. Azərbaycan bölgədə həyata keçirilən irimiqyaslı layihələrin həm birbaşa iştirakçısı, həm də təşəbbüskarıdır. Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasında, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmiz mühüm rol oynayır".
Göstərilən qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlığını bildirən Rolf Hempelman Azərbaycana səfərindən məmnunluğunu ifadə edib: "Almaniyada Azərbaycana böyük maraq var. Səfərdə məqsədimiz Azərbaycanın enerji resurslarının idarə olunması ilə bağlı qanunvericilik təcrübəsini öyrənməkdir. Verilən ətraflı məlumat isə bizi hərtərəfli qane etdi".
Qeyd edək ki, söhbət Azərbaycan-Almaniya parlamentlərarası münasibətlərinin genişləndirilməsi, qanunvericilik sahəsində təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin sayının artırılması barədə müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB