Ən yaxşı tabor komandirləri yarışlarının qalibləri mükafatlandırılıb

Ən yaxşı tabor komandirləri yarışlarının qalibləri mükafatlandırılıb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən, poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə müsabiqələr keçirilir. SİA xəbər verir ki, yarışlar çərçivəsində Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən “Qaraheybət” Təlim Mərkəzində “Ən yaxşı motoatıcı tabor komandiri” adı uğrunda müsabiqə təşkil olunub.

Dekabrın 20-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani yarışların keçirilməsi və nəticələri haqqında məlumat verib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov qalibləri təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb. N.Osmanov bildirib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur. Aprel döyüşlərində ordumuz öz gücünü nəinki düşmənə, bütün dünyaya sübut etdi. Hazırda Azərbaycan Ordusu dünyada ən güclü ordular sırasındadır. Ali Baş Komandanın Silahlı Qüvvələrimizə diqqət və qayğısı nəticəsində Ordumuzun maddi-texniki bazası daim yenilənir və güclənir.

Sonra qaliblərin mükafatlandırılması haqqında Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmri oxunub.

Tədbirdə bildirilib ki, hazırlıq məşqləri zamanı komandirlərin taktiki, atəş, fiziki hazırlığı və döyüş maşınlarının idarə edilməsi üzrə nəzəri bilikləri, eləcə də praktiki vərdişləri yoxlanılıb. Eyni zamanda, zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələrinin idarəetmə bacarıqları da qiymətləndirilib. Bütün iştirakçılar yoxlanılan suallar üzrə yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar. Yarışların nəticələri obyektiv qiymətləndirilərək qaliblər müəyyən edilib və 13 zabit qalib adına layiq görülüb.

Diqqətə çatdırılıb ki, yarışlar bir neçə nominasiya üzrə - motoatıcı, tank, kəşfiyyat, mühəndis tabor, xüsusi təyinatlı, rabitə və maddi-texniki təminat taborları, raket, artilleriya, zenit-raket, gəmi divizionları və eskadrilya komandirləri arasında keçirilib.

Daha sonra Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansambılının ifasında “Ali Baş Komandanın hər bir əmrinə hazırıq və Qələbə müjdəli yeni il gəlir” mövzusunda ədəbi musiqili xoreoqrafik kompozisiya təqdim olunub.

Sonda qaliblərə mükafatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə