YAP-ın nümayəndələri Ulu Öndərin məzarını ziyarət edib

Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi və üzvləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. SİA-nın məlumatına görə, Ümummilli Lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar bu gün YAP-ın rəsmiləri Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirməklə yanaşı, həm də Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında ölkəmizdə hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiya olan Yeni Azərbaycan Partiyasının banisidir.

Ümummilli Liderin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün sıralarında 700 mindən çox üzvü birləşdirərək ölkənin avanqard siyasi qüvvəsi kimi respublikamızda YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq proseslərinin önündə gedir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə