Prezident İlham Əliyev Mingəçevir Dövlət Dram Teatrının binasında aparılan əsaslı yenidənqurma və bərpa işləri ilə tanış olub
Oktyabrın 14-də Prezident İlham Əliyev M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının binasında aparılan əsaslı yenidənqurma və bərpa işləri ilə tanış olub. SİA-nın məlumatına görə, dövlətimizin başçısı əvvəlcə binanın qarşısındakı istirahət parkında aparılmış abadlıq işləri ilə tanış olub.
Prezident İlham Əliyev teatr binasının təmirdən əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotoşəkillərə baxıb.
Məlumat verilib ki, teatrın binası 1951-ci ildə tikilib və 1953-cü ildən istifadədədir. 1968-ci ildən Dövlət Dram Teatrı kimi fəaliyyət göstərir. Həmin vaxtdan bəri şəhərin bu mədəniyyət ocağında indiki səviyyədə əsaslı bərpa və yenidənqurma işləri aparılmayıb. 2008-ci ildə başlanan yenidənqurma işləri isə ən yüksək səviyyədə, müasir standartlara uyğun aparılır. Ümumi sahəsi 2300 kvadratmetr olan ikimərtəbəli binada 32 otaq vardır. Qrim, məşq və rəssamlar üçün otaqlar, yeməkxana birinci mərtəbədə olacaqdır. İkinci mərtəbədə 160 yerlik kiçik zal fəaliyyət göstərəcəkdir. İnzibati otaqlar da bu mərtəbədə yerləşəcəkdir. Teatrın əsas zalı 510 tamaşaçı üçün nəzərdə tutulub. Binada yenidənqurma işləri 2011-ci ilin martında başa çatdırılacaqdır.
Prezident İlham Əliyev yenidənqurma işlərinin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasına dair tapşırıq və tövsiyələrini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB