Mübariz Əhmədoğlu: “Heç bir avropalı ermənilərə ciddi yanaşmayacaq”

Mübariz Əhmədoğlu: “Heç bir avropalı ermənilərə ciddi yanaşmayacaq”

“Avropa İttifaqının Brüssel sammitinin yekun bəyannaməsində Azərbaycanla bağlı yer alan fikirləri Azərbaycanın uğuru kimi qiymətləndirmək olar”. SİA-nın verdiyi məlumata görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Şərq Tərəfdaşlığının Riqa sammitində Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu formatında həll edilməli olduğu deyilmişdi. Lakin Brüssel sammitində Şərq Tərəfdaşlığına üzv dövlətlərin hamısındakı ərazi münaqişələrinə eyni yanaşma nümayiş olundu.

Politoloq deyib ki, Azərbaycan Prezidenti sammitdə Avropa İttifaqının seperatizmə eyni cür yanaşmalı olduğunu bildirdi. Yəni Kataloniya seperatçıları ilə Dağlıq Qarabağ seperatçıları arasında fərq qoyulmamalıdır.

Əhmədoğlu əlavə edib ki, ermənilər indiyə qədər Dağlıq Qarabağ münaqişəsini fərqli şəkildə təqdim etməyə çalışırdılar. Politoloqun fikrincə, ermənilərin diplomatiyası bu istiqamətdə ciddi məğlubiyyətə uğradı: “Ermənilər deyirdi ki, biz xristianlığı ilk qəbul edən, Avropada böyük əhəmiyyətə malik xalqıq. Lakin onların çarxı çevrildi. Heç bir avropalı ermənilərə ciddi yanaşmayacaq".

M. Əhmədoğlunun sözlərinə görə, Aİ ilə Ermənistan arasında imzalanan müqavilə Ermənistan AES-ə təsir edəcək. Belə ki, Ermənistan gələcəkdə Aİ ilə əməkdaşlıq edərsə, ərazisində Rusiya tipli AES qura bilməz. Bu isə Ermənistanın AES tikintisinə daha çox maliyyə vəsaiti ayırması deməkdir.

Politoloq vurğulayıb ki, Aİ ilə Ermənistanın əməkdaşlığı bu ölkənin Avropa standartlarına uyğunlaşmasından asılıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə