AXCP-dən sonra Müsavat da Qarabağın əvəzinə hakimiyyət istəyir - TƏHLİL
Bir müddət öncə, KİV-in etibarlı mənbəyə istinadən yaydığı məlumata görə, Əli Kərimli Qərb dairələri ilə yaxından təmaslar qurmaq və dəstək almaq üçün ciddi-cəhdlə çalışırdı. SİA-nın məlumatına görə, mənbə bildirir ki, o, hakimiyyətə gəlmək üçün dəstək göstərilməsi müqabilində ciddi vədlər də verib. Həmin dairələrin ölkəmizdə maraqlarının təmin olunacağını vəd edən Əli Kərimli Azərbaycanın Dağlıq Qarabağ məsələsində istənilən güzəştə gedəcəyi öhdəliyini də üzərinə götürüb. Bununla da, AXCP lideri hakimiyyət arzularının reallaşması üçün istənilən addıma, hətta, Azərbaycanın maraqlarını zərbə altına qoymağa belə hazır olduğunu nümayiş etdirib.
Amma hadisələrin axarı nəticəsində bəlli oldu ki, Əli Kərimli kimi Vətənə xəyanət edən bir müxalifət lideri də var. Bu dəfə isə xəyanətkar sövdələşməyə qoşulan Müsavat partiyasının sədri İsa Qəmbərdir.
Belə ki, bir neçə gün öncə isə Almaniyanın Potsdam şəhərində Azərbaycan, Ermənistan və Gürcüstanın siyasi partiyaları arasında birgə bəyannamə imzalanıb. Sənədə Müsavat partiyasının sədri İsa Qəmbər, Erməni Ümummilli Hərəkatının sədri Aram Manukyan və Gürcüstan Respublikaçı partiyasının sədri David Usupaşvili imza atıblar. Tərəflər Cənubi Qafqazda münaqişələrin dinc yolla nizamlanmasına dair üzərilərinə öhdəlik götürüblər. Sənədin mətni tam açıqlanmasa da, Müsavatdakı məlumatlı mənbənin verdiyi məlumata görə, sənəddə Dağlıq Qarabağ münaqişəsi və ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Azərbaycanın maraqlarına zidd digər məsələlər də öz əksini tapıb.
"Armenia Today"in məlumatına görə, Erməni Ümummilli Hərəkatı (EÜH) Dağlıq Qarabağ məsələsinə dair əvvəlki mövqeyində qalır. Erməni Milli Konqresinin əlaqələndiricisi Levon Zurabyan EÜH -in Müsavat ilə Potsdamda (Almaniya) imzaladığı birgə bəyannaməni şərh edərkən belə deyib. O, deyib ki, "EÜH Qarabağ məsələsində heç bir güzəştə getmədən azərbaycanlıların sülhpərvər ifadələr səsləndirməsinə nail oldu. Halbuki, Ermənistan rəhbərliyi indiyədək çoxsaylı güzəştlərə getsə də, Azərbaycanın hərbi ritorikasını dəyişə bilməyib".
Beləliklə də, aydın olur ki, hər iki partiya lideri hakimiyyətə gəlmək üçün Azərbaycan xalqının maraqlarını çoxdan satmağı planlaşdırıblar. Ölkə mətbuatında AXCP-Müsavat blokunun xarici dairələr qarşısında öhdəlik götürdüyü, İsa Qəmbər və Əli Kərimlinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ermənipərəst qüvvələrlə işbirliyinə getdikləri və milli maraqlarımıza qarşı çıxış etdikləri haqda gedən informasiyalar isə əyani şəkildə öz təsdiqini tapır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB