Nardaran hadisələri: süquta uğramış çirkin ideologiya TƏHLİL

Olayların ikinci ildönümünü “yad” edənlər Azərbaycana qarşı çıxış edən agnetlərdir!

Müstəqil Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlətdir və söz yox ki, xalqın iradəsi ilə Konstitusiyamızda təsbit olunmuş bu prinsiplər respublikamızın demokratik və sivil dünyanın tərkib hissəsi kimi inkişafının və dünyaya inteqrasiyasının əsas şərtlərindən biridir. Məhz bu baxımdan, qeyd edə bilərik ki, ölkəmizdə hər bir məsələ məhz qanunçuluq prinsiplərinə əsaslanır. Cəmiyyətdəki bütün münasibətlər və davranışlar qanunlar əsasında tənzimlənir.

Digər tərəfdən, hüquqi, demokratik və dünyəvi inkişaf yolu seçən Azərbaycan xalqı həm də tarixin ənginliklərindən süzülüb gələn bir mənəvi xəzinəyə malikdir. Bu xəzinədə öz yeri olan islami dəyərlər tarixin müxtəlif mərhələlərində cəmiyyətimizin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün müsbət mənəvi keyfiyyətlər formalaşdırmışdır. Düzdür, biz islam dinini qəbul edənə qədər də böyük mədəniyyətə, tarixə və özümüzə məxsus adət-ənənələrə malik olmuşuq. İslam dini isə öz milli dəyərlərimizlə uzlaşaraq xalqımızın milli-mənəvi cəhətlərini təşkil edib.

Azərbaycan xalqı islamın gözəlliklərini, saflığını hər zaman qoruyub saxlamışdır

Lakin təəssüflə qeyd etməliyik ki, müasir dövrdə İslam dininə etiqad edənlər arasında sürətli parçalanma baş verməkdədir. Məzhəb ayrı-seçkiliyi bu gün də islamın ən ağrılı problemi olaraq qalır. Bir çox müsəlmanlar hətta milli kimliklərini də unudaraq məzhəb kimliklərini önə çəkirlər. İslam orta əsrlərdə, həqiqətən, sivilizasiyanın inkişafına böyük töhfələr verib. Elə xalqımızın da bir çox görkəmli mütəfəkkirləri islam mədəniyyətini və fəlsəfəsini öz yaradıcılıqları ilə zənginləşdirmişlər. Lakin bu gün dünyada məzhəblər, cərəyanlar arasındakı çəkişmələrin, dartışmaların nəticəsidir ki, islam dini bəşəriyyətin inkişafına əvvəlki tək dəyərli töhfələr verə bilmir.

Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı islamın gözəlliklərini, saflığını hər zaman qoruyub saxlamışdır. Birmənalı şəkildə deyə bilərik ki, bu gün Azərbaycanda islami dəyərlərə bağlılığın, dinin saflığının qorunmasının ən gözəl nümunəsi mövcuddur. Qeyd etdiyimiz kimi, Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir. Azərbaycanda müqəddəs dinimiz xalqımızı sıx birləşdirir, həmrəy edir, dövlətimizin möhkəmlənməsinə, yüksəlməsinə çalışır.

Xaricdən idarə olunan terrorçular Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda da təkrarlamaq istəyirdilər

Amma təəssüflə qeyd etməliyik ki, bəzən din amilindən istifadə olunmaqla Azərbaycan vətəndaşlarının maraqları, arzuları və dünyagörüşü ilə bağlı olmayan fəaliyyətə rəvac verənlər də tapılır. İki il öncə, noyabrın 26-da Nardaranda baş verənlər və bu günlərdə İranda həmin hadisələrin yad edilməsi (?!) bir daha bu faktı təsdiq edir. Daxili işlər orqanları müəyyən etmişlər ki, bir qrup cinayətkar şəxs dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı qondarma hərəkat yaratmışdılar.

Həmin şəxslərin zərərsizləşdirilməsi və çirkin məqsədlərinin qarşısının alınması məqsədilə 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirildi. Nəticədə cinayətkar dəstənin 4 üzvü məhv edildi, daha bir neçə nəfəri yaralandı. Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirdi, 2 vətən övladı isə öz peşələrini yerinə yetirərkən qəhrəmancasına həlak oldular.

Bakının Nardaran kəndində baş verən bu hadisə din pərdəsi altında fəaliyyət göstərən, əslində isə qonşuluğumuzda olan İranın müəyyən dairələri tərəfindən idarə olunan terrorçuların Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq cəhdi idi. Bu anklava döndərilmiş qəsəbədə bir tərəfdə terrorçular, radikal ekstremist təfəkkürlü ünsürlər, digər tərəfdə isə onların iddialarını bölüşməyən və buna görə də təhdid və təzyiqlərlə üzləşən insanlar birgə yaşamaq məcburiyyətində qalmışdılar. Cinayətkar dəstəyə rəhbərlik edən vətən xaini Taleh Bağırzadə və onun ətrafında birləşmiş terrorçular xalqı itaətsizliyə çağırıb, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələmiş, onlara qarşı ölüm çağırışları etmişdi. Bu terrorçu dəstə Nardaran əhalisini qorxu içində saxlamış, sadə insanları yoldan çıxarmış, onların mövqeyini bölüşməyənləri məcburi şəkildə öz iradəsinə tabe etdirərək məkrli niyyətlərini həyata keçirməyə çalışmışdır. Söz yox ki, onların başlıca məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirmək olmuşdu. Məhz Azərbaycan polisinin sayıqlığı və peşəkarlığı ilə terrorçu dəstənin bütün riyakar planlarının qarşısı qətiyyətlə alındı.

Çox yəqin ki, indi bundan əsər-əlamət qalmadığına görə, İranda Nardaran hadisələrinin 2-ci illdönümü “matəm günü” olaraq qeyd edilir

Ümumiyyətlə, indiki – inkişaf edən, müasirləşən və sivil dünyaya qatılan Nardarandan həmin ərəfələrdə hüquqi dövlət anlayışını, tolerantlığın, konfessiyalar, dinlər, xalqlar və mədəniyyətlərarası harmoniyanın, multikultural dəyərlərin hökm sürdüyü Azərbaycanın sivil ictimai birgəyaşayış normalarını tamamilə inkar edirdi. Ona görə Nardaranda mövcud olan ab-hava, insanların davranışları, geyimi, dövlətə, dinə münasibəti və s. Azərbaycan xalqına xas olmayan forma almışdı. Çox yəqin ki, indi bundan əsər-əlamət qalmadığına görə, İranda Nardaran hadisələrinin 2-ci illdönümü “matəm günü” olaraq qeyd edilir. Bu faktor isə əlbəttə, bütün sivil qonşuluq münasibətlərinə ciddi xələl vurmağa hesablanmış addım kimi qiymətləndirilə bilər!

Bu gün bunu edənlər yenidən Nardaranı gerilik, eybəcər dini sektantlıq rəmzinə çevrilərək müasirliyi, elmi-texniki tərəqqi əsrini də inkar etmək arzusunda olan geridəqalmışlardır.

Azərbaycanda bu cür avantürizm amilinə son qoyulub!

Bir məsələni də xüsusilə vurğulamalıyıq ki, vaxtilə Nardaranda oturuşmuş terrorçular, radikal ekstremistlər "Tarix naminə ölüm" şüarını irəli sürür, kənd əhalisinin təfəkkürünü orta əsrlərin sxolastik dəyərləri, insanların həyatını xaricdən gələn və milli ideyamızı inkar edən yad ideologiya üzərində kökləməyə çalışırdılar. Xarici dini mərkəzlərdən qidalanan bu miskin "təlimatçılar" elmi təhsili olmayan və zəif dünyagörüşlü sadə insanlara belə bir ideya aşılamağa çalışırdılar ki, xilas onların dini spekulyasiyalarına qatılmaqdadır. Məhz Nardaran kimi orta əsr "anklavlarında" Hacı Mövsüm Səmədov, Taleh Bağırzadə kimi xarici dairələrin agentləri olan dini-siyasi avantüristlər Azərbaycana yad ideologiyanı təbliğ edə, özlərinə tərəfdar toplaya, terrorçu-ekstremist qruplar formalaşdıra və əhalini təhdid altında saxlamağa çalışırdılar. Bu gün onların müdafiəçiləri İranda Nardaran hadisələrini necə deyərlər, “yad” edirlər. Çünki Azərbaycanda bu cür avantürizm amilinə son qoyulub.

Ümumiyyətlə, bu gün Nardaranın abadlaşması və müasir bir qəsəbəyə çevrilməsini hələ də istəməyənlər indi bu cür yollarla vəziyyəti gərginləşdirməyə cəhdlər edirlər. Ancaq unudurlar ki, bir də heç vaxt Azərbaycan dövlətçiyinə təhdid etmək iqtidarında ola bilməyəcəklər. Çünki onların çirkin ideologiyaları məhf edilib və süquta uğrayıb!

Rövşən NURƏDDİNOĞLU

Yenidən qurulmuş Nardaran qəsəbəsi:

Bütün xəbərlər Facebook səhifəmizdə