Vyanada seçki proseslərində texnologiyanın rolu müzakirə ediləcək

Vyanada seçki proseslərində texnologiyanın rolu müzakirə ediləcək

Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev təşkilatın Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun dəvətilə noyabrın 27-dən 29-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, səfərin məqsədi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Hofburq Konfrans Mərkəzində təşkil etdiyi “Seçki müşahidəsi və seçki proseslərində texnologiyanın rolu” mövzusunda keçiriləcək seminarda iştirak etməkdir.
Quruma üzv olan 57 ölkənin nümayəndə heyəti, parlament assambleyalarının təmsilçiləri, seçki ekspertləri, seçki idarəetmə orqanlarının və komissiyalarının üzvləri, beynəlxalq təşkilatlar, seçki monitorinqini həyata keçirən QHT-lərin iştirak etdiyi tədbirdə seçkiyə aid qabaqcıl təcrübə və çatışmazlıqlar, müasir texnologiyalardan istifadə etməklə seçki prosesini təkmilləşdirmək və digər məsələlər müzakirə ediləcək.
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seminarda “Demokratik seçkilərin keçirilməsi üçün ATƏT-in öhdəlikləri, beynəlxalq vəzifələri və standartları” haqqında məruzə ilə çıxış edəcək, təşkilatın seçki müşahidə missiyası ilə bağlı təcrübəsini bölüşəcək və iştirakçıların suallarını cavablandıracaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə