Aslan İsmayılov: "Sənədlərin qaytarılması ilə bağlı İran Səfirliyinə müraciət etsək də heç bir müsbət cavab ala bilmirik"
Bu gün Azərbaycanın fizik-mühəndisi Rəşid Əliyevin Iranda qeyri-qanuni olaraq həbs olunması ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Rəşid Əliyev və onun vəkili Aslan İsmayılov iştirak ediblər.
Rəşid Əliyev heç bir sübut olmadan 2 il İranda həbsdə tutulduğu üçün İrana təzminat davası açdığını bildirib: "Heç bir dəlil olmadan məni 2 il həbsdə saxladılar. Zindandakı şərait də çox pis idi. Son 6 ayda jurnalistlərin və xalqımızın səyləri nəticəsində vəziyyətim nisbətən yaxşılaşdırıldı. İrana təzminat davası açmışam, çünki mənim azadlığa çıxmağım ömrümdən alınan 2 ili geri qaytarmır. İran tərəfi belə özbaşınalıqları başqalarına da etməmək üçün bunun cəzasını ödəməlidir".
İran səfiri ilə şəxsən danışdığını bildirən Rəşid Əliyev bunun cavabında təhdidə məruz qaldığını vurğulayıb: "Azərbaycandakı İran səfirliyi ilə əlaqə saxlayıb onunla şəxsən danışdım, sənədlərimin qaytarılmasını tələb etdim. Bunun cavabında səfir mənə- "Sən burda mətbuat orqanlarını bizim üzərimizə qaldırırsan, hələ şükür elə ki azadsan! Hər an geri qaytarılma şansın da ola bilər", dedi.
Daha sonra çıxış edən vəkil Aslan İsmayılov İranın necə dövlət olduğunu illər öncə tanıdığını bildirib: "Mən 1994-cü ildə İranın dövlət kimi necə olduğunu görmüşəm. Bu gün mənə milyonlarla pul təklif etsələr mən o dövlətə addımımı atmaq isdəmərəm. Mən İranla hansısa mövzuda ortaq nöqtəyə gəlməyi mümkünsüz hesab edirəm. Bu dövlətin dünyada insan haqqları ilə bağlı heç bir qurumun və ya təşkilatın sözünə qiymət vermədiyini əminliklə deyə bilərəm. Ona görə də BMT- nin İnsan Haqqları Şurasına şikayət etməyi qərara almışam".
Vəkil qeyd edib ki, Azərbaycanda mövzu ilə əlaqədar olaraq İran səfirliyinə müracət etsələr də heç bir müsbət cavab alınmayıb: "Rəşid Əliyevin haqsız yerə həbs olunmağı bəs deyilmiş kimi azad edilməsinə baxmayaraq, bütün sənədləri, hətta xarici pasportu belə İrandadır. Sənədlərin qaytarılması ilə bağlı İranın Azərbaycandakı Səfirliyinə müraciət etsək də heç bir müsbət cavab ala bilmirik. Bütün bunlarla yanaşı, səfirlik Rəşid Əliyevi azad buraxdığı üçün İrana təşəkkür etməyimiz gərəkdiyini bildirir".
Tədbir müzakirələr əsasında dəvam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB