Lənkəranda selin fəsadlarını aradan qaldırmaq üçün intensiv tədbirlər görülür
Lənkəran şəhərində sel sularının yaratdığı fəsadlar aradan qaldırılır. Şəhər İcra Hakimiyyətindən SİA-nın cənub bürosuna verilən məlumata görə, artıq şəhərin ayrı-ayrı küçələrində yığılmış suların təmizlənməsi istiqamətində intensiv tədbirlər görülür. Ötən gün ərzində İcra Hakimiyyətinin, Fövqalədə Hallar Nazirliyinin regional şöbəsinin və Şəhər Abadlıq Kombinatının əməkdaşları tərəfindən şəhərin 20-yə yaxın küçəsində kollektorlar və arxlar təmizlənib. Bu məqsədlə Yuxarı Xanbulançay idarəsinin 3, Su-kanalizasiya İdarəsinin 1 texnikası cəlb olunub.
Şəhər İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayevin sözlərinə görə, gün ərzində həyata keçirilən tədbirlər nəticəsində suötürücü kanallar təmizlənib, küçələrdəki arxlar qazılaraq dərinləşdirilib. İntensiv tədbirlərin nəticəsi olaraq şəhərin ayrı-ayrı küçələrindəki sakinlərin həyətlərinə dolmuş sular çəkilib.
Əlavə edək ki, aramsız yağan yağışlardan sonra rayon Fövqəladə Hallar Komissiyasına hər hansı evə ciddi zərər dəyməsi barədə heç bir məlumat daxil olmayab.
Şəhərdə isə arx və kollektorların təmizlənməsi istiqamətində işlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB