Fazil Mustafa: “Azərbaycan cəmiyyəti öz rəyini hər hansı bir mitinqlə dəyişəcək vəziyyətdə deyil” - MÜNASİBƏT

Fazil Mustafa: “Azərbaycan cəmiyyəti öz rəyini hər hansı bir mitinqlə dəyişəcək vəziyyətdə deyil” - MÜNASİBƏT
"Müxalifətin parlament seçkiləri ilə əlaqədar mitinqlərə başlaması seçki prosesində heç bir dəyişiklik yaratmayacaq". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Lakin müxalifətin mitinq keçirmək hüququna malik olduğunu dilə gətirən millət vəkili hər kəsin öz hüququndan istifadə etmək haqqına malik olduğunu bildirib: "Burada bir məsələ var. Müxalifət mitinq keçirmək hüququna malikdir və bu hüquqdan da istifadə hər kəsin haqqıdır. Amma bu mitinqlər hər zaman olduğu kimi bu dəfə də parlament seçkiləri ilə bağlı gedən proseslərə heç bir təsir etməyəcək. Mənə elə gəlir ki, Azərbaycan cəmiyyəti öz rəyini hər hansı bir mitinqlə dəyişəcək vəziyyətdə deyil. Azərbaycan cəmiyyətinə nəisə inandırmaq üçün başqa yollar tapmaq lazımdır".

Açıqlaması zamanı Milli Məclisin payız sessiyasının plenar iclasında Dağlıq Qarabağ münaqişəsinin parlamentin müzakirəsinə çıxarılması ilə bağlı təklifə də münasibət bildirən F.Mustafa təkliflə razılaşdığını dilə gətirib. O bildirib ki, münaqişə ilə bağlı Milli Məclisin bütün iclaslarında müəyyən fikirlər irəli sürülsə də onun geniş şəkildə müzakirəsinə ehtiyac var: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı parlamentin hər iclasında fikirlər səslənir. Amma buna baxmayaraq münaqişənin geniş şəkildə müzakirəsinə böyük ehtiyac var. Bunun edilməməsi işin ziyanınadır. Ən azı deputatların bu məsələyə fikir bildirməsi, təkliflərini ortaya qoyması ölkənin milli maraqlarına uyğun bir hal olardı. Amma çox təəsüf ki, hələ ki, bu addım atılmır".

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin Milli Məclisin müzakirəsinə çıxarılması ilə bağlı təklif sentyabrın 30-da parlamentin payız sessiyasının plenar iclasında millət vəkili İqbal Ağazadə tərəfindən irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə