Sabah Azərbaycan və Ermənistan nümayəndələrinin növbəti görüşü olacaq
Ötən gün AŞPA-nın payız sessiyasının ikinci iş günündə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin bərpa edilməsi ilə bağlı görüşü keçirilib. SİA-nın xəbərinə görə, görüş AŞPA sədri Mövlüd Çavuşoğlunun təşəbbüsü ilə baş tutub. Görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Sabir Hacıyev, Ermənistan tərəfindən isə bu ölkənin nümayəndə heyətinin rəhbəri David Harutyunyan və onun köməkçisi Armen Rustamyan iştirak edib. Bundan əlavə, tərəflərin danışıqlarına AŞPA-nın baş katibi Matias Sorinas da qatılıb.
Görüşdən sonra Azərbaycan nümayəndəliyinin rəhbəri Səməd Seyidov jurnalistlərə açıqlamasında bildirib ki, danışıqlarda bu cür əlaqələrin davam etdirilməsinə dair qərar qəbul edilib. Hər iki öklənin parlamentarilərinin gəldiyi yekun nəticəyə əsasən, Azərbaycan və Ermənistan nümayəndələrinin növbəti görüşü 7 oktyabr tarixində baş tutacaq. Bundan sonra məsələ ilə bağlı mətbuata məlumat veriləcək.
Eyni zamanda AŞPA-nın payız sessiyasının ikinci iş günündə qurumun baş katibliyi vəzifəsinə seçkilər keçirilib. Səsvermə zamanı 246 parlamentari iştirak edib. 151 səs lehinə olmaqla, polşalı Voysex Savitski (Wojciech Sawicki) AŞPA-nın baş katibi seçilib. Qeyd edək ki, baş katib seçilmək üçün 122 səs qazanmaq lazım idi. Voysex Savitskidən əvvəl bu vəzifəni Matias Sorinas icra edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB