Los Ancelesdə Azərbaycanın müstəqillik günü qeyd olunub

18 oktyabr 2017-ci il tarixində ABŞ-ın Los Anceles Vilayətinin Torrens şəhərində Azərbaycanın müstəqillik gününə həsr olunmuş geniş tədbir keçirilib.

SİA-nın verdiyi məlumata görə, tədbiri giriş nitqi ilə açan Torrens Şəhər Şurasının üzvü Haydi Eşkraft qonaqları salamlayaraq, Azərbaycanın müstəqillik tarixi, keçdiyi uğur yolu və əldə etdiyi nailiyyətləri haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra Torrens şəhərinin meri Patrik Fyuri çıxış edərək, meri olduğu şəhərin bu cür mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib. O, ABŞ və Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunaraq, Azərbaycanın ABŞ üçün regionda önəmli müttəfiq olduğunu vurğulayıb. Daha sonra Torrens Şəhər Şurası tərəfindən 18 oktyabrın bu şəhərdə Azərbaycanın Müstəqillik Günü elan edilməsi haqqında bəyannamə, şəhər meri Patrik Fyuri və Şəhər Şurasının digər üzvləri tərəfindən oxunaraq təqdim olunub.

Təqdimatdan sonra Azərbaycan və ABŞ bayraqları Torrens Şəhər Meriyası qarşısına gətirilərək, təntənəli şəkildə ucaldılıb. Sonra Azərbaycan Respublikasının Himni səsləndirilib.

Azərbaycanın Los Anceles şəhərindəki baş konsulu Nəsimi Ağayev öz çıxışında xalqımızın müstəqillik uğrunda şərəfli mübarizəsi haqqında ətraflı danışaraq, dövlətimiz üçün ağır bir dönəmdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin möhkəmləndirilməsi yönündə məqsədyönlü addımların atıldığını və nəticədə çağdaş dövlətçiliyimizin təməlinin qoyulduğunu diqqətə çatdırıb. Baş konsul, müstəqil və müasir Azərbaycanın bütün sahələrdə tərəqqisinin bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla davam etdiyini, Azərbaycanın regionda və beynəlxalq aləmdə böyük nüfuz qazandığını vurğulayıb.

Baş konsul N.Ağayev, həmçinin Azərbaycanın geostrateji mövqeyi, tarixi, zəngin mədəniyyəti, xarici siyasəti, iqtisadi inkişafı və ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra Los Anceles Dinlərarası Şurasının sədri, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan Yepiskop Xuan Karlos Mendez və Los Ancelesin müsəlman icmasının tanınmış xadimi Məhəmməd Xan çıxış edərək, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında danışıblar. Çıxışçılar ölkəmizdə müxtəlif dini və etnik mənsubiyyətə malik olan insanların sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, Azərbaycanın unikal tolerantlıq modelinin bütün dünyaya nümunə ola biləcəyini bildiriblər.

Qeyd edək ki, 150 minlik əhalisi olan Torrens şəhəri Los Anceles Vilayətinin ən böyük şəhərlərindəndir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...