Deputat: “Sarkisyan sərsəm bəyanatlarla öz auditoriyasını sakitləşdirmək istəyir”

“Prezidentlərin Cenevrə görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatı oldu və orada görüşlərlə bağlı ümumi tendensiya- yəni tərəflərin danışıqları intensivləşdirməsi, iki tərəfli görüşlərin davam etdirilməsi məsələləri əks olunmuşdu. Digər məsələlər isə açıqlanmadı. Çünki, diplomatik ənənəyə görə, danışıqlar konfidensial olur və eyni zamanda da görüşlərdə də müəyyən edilmiş məsələlərdən başqa heç bir məsələ açıqlanmır. Amma Ermənistan prezidenti hər zamankı kimi, danışıqların qaydasını pozaraq açıq şəkildə sayıqlamağa başladı”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Sarkisyanın yalan, razılaşdırılmayan, deyilməyən məsələlərlə bağlı sərsəm bəyanatlar verməsinin əsas məqsədi auditoriyasını sakitləşdirməkdir: “Halbuki birtərəfli qaydada belə bəyanat vermək diplomatik etikanın, davranışın pozulması deməkdir.

Sarkisyan Ermənistan cəmiyyətini çaşdırmaq üçün guya danışıqlarda Dağlıq Qarabağın gələcək müstəqilliyi, onun Ermənistana birləşdirilməsi istiqamətində taktiki addımlar atdığını təlqin etmək istəyir”.

T. Kərimli qeyd edib ki, Sarkisyan hər vəchlə Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonu saxlamaqda maraqlıdır: “Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də digər dövlət başçıları da dəfələrlə bildiriblər ki, münaqişənin həllində status-kvo saxlanıla bilməz. O, mütləq şəkildə dəyişdirilməlidir. Lakin Sarkisyan hər vəchlə bunu saxlamaqda maraqlıdır. Çünki, onlar Azərbaycan ordusunun hərbi əməliyyata başladığı zaman bundan istifadə edərək səs küy yaratmaq, böyük dövlətləri ölkəmizin üzərinə salaraq guya bizim sülhsevər olmadığımızı, məsələnin hərbi yolla həllinə üstünlük verdiyimizə inandırmaq istəyirlər. Sarkisyan yaxşı bilir ki, diplomatik əl, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bütün təşkilatlar, dövlətlər Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Belə olan halda, Azərbaycan istənilən vaxt öz torpaqlarında olan separatçıları uzaqlaşdıra, cəzalandıra və suverenliyini bərpa edə bilər”.

Deputat həmçinin bildirib ki, düşmən ölkə prezidenti münaqişənin diplomatik yolla həllinin ona zərər vuracağını anlayır: “Sarkisyan danışıqlara təzyiqlər əsasında gəlmişdi və hər bir danışığın Azərbaycanın ərazi bütövlüyünün təmini ilə bitəcəyini bilən düşmən ölkə başçısı yenidən bu danışıqları pozmaq üçün yalan bəyanatlar verməyə başlayıb. Amma onu da qeyd edək ki, Sarkisyan bu cür yalanları tək başına deyil, ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlərə arxayın olduğu üçün səsləndirə bilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...