Dini maarifləndirmə tədbirləri davam etdirilir

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin məhkumlarla növbəti görüşü 14 saylı cəzaçəkmə müəssisələrində təşkil olunub.

Cəza çəkənlər qarşısında çıxış edən komitənin məsul əməkdaşları Ceyhun Əliyev və Namiq Giriyev ölkəmizdə dini etiqad azadlığı üçün geniş imkanlar yaradıldığını, dövlətimizin sözün həqiqi mənasında vicdan azadlığının təminatçısına çevrildiyini bildiriblər. Maarifləndirici xarakter daşıyan tədbirdə xurafatla və dini radikalizmlə mübarizə, eləcə də vətənpərvərlik və İslamda vətənə olan sevgi mövzusu müzakirə edilib, dini ekstremizmə qarşı barışmaz mövqe nümayiş etdirilməsinin zəruriliyi, Azərbaycanın tolerantlıq modelinin dünya üçün nümunə olduğu, dini konfessiya nümayəndələrinə qarşılıqlı hörmət və anlayışlı inanc aşılandığı xüsusi kontingentin diqqətinə çatdırılmış və mövzu ilə bağlı məhkumların çoxsaylı sualları cavablandırılıb.

Tədbirin sonunda müəssisədəki dini ibadət otağına baş çəkilib, kitabxanaya dini kitablar hədiyyə edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə