Mehman Cavadoğlu: “İlk mitinqdə ola bilsin ki, biz istədiyimiz qədər adam olmasın”
Bu gün AXCP ilə Müsavat Partiyası oktyabrın 10-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət təqdim edib. Bu barədə məlumatı SİA-ya açıqlamasında Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu bildirib. Onun sözlərinə görə, məktubu dünən təqdim etmək istəyiblər, lakin iş günü olmadığından bu istəkləri alınmayıb. Ona görə də məktub bu gün günün birinci yarısı təqdim edilib. M.Cavadoğlu qeyd edib ki, aksiyanın keçirilməsi üçün bir neçə yer göstərilib. "Müraciətimizdə mitinq keçirmək istədiyimiz yerlərin adı qeyd olunub. Bu yerlərin siyahısında "Təbriz" kinoteatrının qarşısı, "Cəfər Cabbarlı" heykəlinin yanı, "Füzuli" meydanı kimi yerlərin adı göstərilib. Həmçinin ilk mitinqdə ola bilsin ki, istədiyimiz qədər adam olmasın. Lakin bu mitinqlər ardıcıl olduqdan sonra təbii ki, insanların sayı da çoxalır. Ötən illərin təcrübəsi də bunu deməyə əsas verir ".
Müsavat Partiyasının seçki komissiyalarında bu partiya üçün ayrılmış yerlərə nümayəndələr təyin etməklə bağlı sənədləri Milli Məclisə (MM) təqdim etdiyini bildirən M. Cavadoğlu qeyd edib ki, təqdim olunan sənədlərə MM sədri Oqtay Əsədovun adına müraciət və Müsavat Partiyası Divanının iclasının protokolu daxildir. O, bildirib ki, qanuna uyğun olaraq həmin adamların MSK-da təmsilçiliyi təmin olunmalıdır.
"Yeni Azərbaycan Partiyası namizədlərin siyahısını açıqladıqdan sonra təmsil etdiyiniz blokda namizədlərin siyahısında hər hansı dəyişiklik etmisinizmi?" sualına cavabında Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri: "AXCP-Müsavat bloku namizədlərin böyük əksəriyyətini Yeni Azərbaycan Partiyasından qabaq açıqlayıb. Yeni Azərbaycan Partiyası siyahını açıqladıqdan sonra bizdə elə bil ciddi dəyişiklik olmadı. Əksinə YAP öz namizədləri arasında müəyyən korrektələr etdi",-deyə bildirib.
M. Cavadoğlu həmçinin bu gün Müsavat Partiyası Divanının növbəti toplantısının keçirildiyini bildirib: "Toplantıda partiyanın razılığı olmadan deputatlığa namizədliyini irəli sürmüş bəzi partiya üzvlərinin hərəkətləri barədə müzakirələr aparılıb. Divanın sonrakı toplantılarında bununla bağlı konkret qərarların qəbul edilməsi haqqında razılığa gəlinib. Sonra parlament seçkiləri haqqında məsələ müzakirə olunub, "AXCP-Müsavat" seçki blokunun namizədlərinə edilən təzyiqlər pislənilib. Daha sonra oktyabrın 10-da keçiriləcək mitinqə hazırlığın gedişi müzakirə olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB