“YAP-ın mənim dairəmdən namizəd irəli sürməməsi mənim üçün xoş sürpriz oldu”-EKSKLÜZİV

“YAP-ın mənim dairəmdən namizəd irəli sürməməsi mənim üçün xoş sürpriz oldu”-EKSKLÜZİV
Parlament seçkilərinə hazırlıq prosesinin ilkin mərhələsi hələ ki, normal gedir. İkinci mərhələni isə gələcək göstərəcək". Bu sözləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev açıqlamasında deyib. Parlamentdə konstruktiv müxalifət partiyası yaratmaq niyyətlərində olduğunu dilə gətirən millət vəkili bildirib ki, buna nə dərəcədə nail olacaqlarını gələcək göstərəcək.

Q. Həsənquliyev vurğulayıb ki, hazırda parlament seçkiləri ilə bağlı proseslərin yaxşı getməsinə baxmayaraq, səsvermə günü çox şey baş verə bilər: "Həmin gün elə bir proses baş verə bilər ki, indiyə qədər əldə olunanların üstündən xətt çəkilə bilər. Bilirsiniz ki, bizim partiya parlament seçkilərinə blok şəklində qatıldığından onunla bağlı açıqlama səsvermə günü olacaq və seçkiyə yekun qiymət veriləcək".

Onun namizədliyinin irəli sürüldüyü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizəd irəli sürməməsinə münasibət bildirən Q. Həsənquliyev bu addımı xüsusi qiymətləndirib. Onun sözlərinə görə, hakim partiyanın ona qarşı atdığı addım Azərbaycanda siyasi mədəniyyətin başlanğıcıdır: "Yeni Azərbaycan Partiyasının mənim namizədliyimi verdiyim seçki dairəsindən namizəd irəli sürməməsindən məmnun oldum. Sözün düzü bu mənimçün xoş bir sürpriz oldu. Ən azından mən YAP-ın bu dairədən namizəd irəli sürəcəyini gözləyirdim. Amma tamamilə namizəd irəli sürülməyəcəyini gözləmirdim. Bu addım ölkəmizdə siyasi bir mədəniyyətin başlanğıcıdır. Hesab edirəm ki, belə də olmalıdır. İnkişaf etmiş ölkələrdə də adətən partiya sədrləri bir mandatlı dairələrdə üz-üzə gəlməməyə çalışır və öz əsas namizədlərini həmin dairələrə göndərmirlər. Bu həm siyasi, həm də iqtidar-müxalifət münasibətlərinin yeni bir müstəviyə, mərhələyə çıxmasına kömək edir. Bütün bunlar ən azından yaxşı bir ənənənin başlanğıcıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə