Gürcü nazir: "Azərbaycan bizim üçün yaxın siyasi və strateji tərəfdaşdır”

Biz ordu quruculuğu, təlim və şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi sahəsində mühüm işlər görmüşük. Gürcüstan ordusunun zabitləri Azərbaycanda Quru Qoşunlarının və Hərbi Hava Qüvvələrinin təlimlərində yaxından iştirak ediblər. Gələcəkdə Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə hərbi təlimlərin də keçirilməsi nəzərdə tutulub.

Bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri, general–polkovnik Zakir Həsənov oktyabrın 16-da gürcüstanlı həmkarı Levan İzoria ilə görüşdən sonra keçirilən brifinqdə söyləyib.

Zakir Həsənov deyib: “Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Bununla belə, biz hələ çox iş görməliyik”.

Nazir bildirib ki, regionda təhlükəsizliyin təmin olunması istiqamətində ciddi tədbirlər həyata keçirilib. Xüsusən regionda reallaşdırılan enerji layihələrinin təhlükəsizliyinə böyük diqqət yetiririk. Bununla əlaqədar Azərbaycan, Gürcüstan və Türkiyə hərbçiləri birgə təlimlər keçirib, mühüm işlər görüblər. Biz bu sahədə də əməkdaşlığı genişləndirmək niyyətindəyik.

“Azərbaycan və Gürcüstan ərazi bütövlüyü və suverenlik məsələsində də eyni mövqedən çıxış edirlər. Biz gələcəkdə də eyni mövqedən çıxış edəcəyik”, - deyə general–polkovnik Zakir Həsənov vurğulayıb.

Azərbaycanlı həmkarı ilə keçirdiyi görüşün məhsuldar olduğunu vurğulayan Levan İzoriya bildirib ki, ikitərəfli hərbi əməkdaşlıq NATO çərçivəsində də inkişaf edir: “Regional təhlükəsizlik, enerji layihələrinin mühafizəsi əməkdaşlığımızın əsas prioritetlərindəndir. Azərbaycan bizim üçün yaxın siyasi və strateji tərəfdaşdır və mövqelərimizdə prinsipial ayrılıq yoxdur”.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...