Demokratiya pərdəsi altında riyakarlıq!

Demokratiya pərdəsi altında riyakarlıq!

Helsinki Komissiyasının Dağlıq Qarabağla bağlı dinləmələri Ermənistana yeni yardım imkanlarının yaradılması məqsədi güdür

Bilindiyi kimi, ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək. Belə ki, Komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və eyni zamanda iddia edilir ki, sözügedən münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər. Məlumatda o da bildirilir ki, dinləmələrdə ATƏT-in Minsk Qrupunun keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər.

Qeyd olunanlarla yanaşı, Helsinki komissiyası ATƏT ölkələrində Helsinki Yekun Aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqi və təbliği məqsədilə yaradıldığını bəyan edir.

Nədənsə, komitə bir dəfə də olsun bu təcavüzkar ölkəni qınayan bəyanat qəbul etməyib

Lakin diqqət çəkən məqamlardan biri də budur ki, 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış yekun aktının 10 əsas prinsipinin 8-i (suveren bərabərlik, zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisənin dinc yolla həll olunması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi) bilavasitə işğalçılıq siyasəti yürüdən Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun bu təcavüzkar ölkəni qınayan bəyanat qəbul etməyib.

Yeri gəlmişkən, xatırlatmaq yerinə düşərdi ki, ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smit vaxtilə Demokratlar Partiyasının üzvü, sonra Respublikaçılar Partiyasının üzvü olub, indi də ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biri kimi əlinə düşən hər imkandan maksimum şəkildə yararlanaraq, Azərbaycana qarşı qərəz və şantaj dolu siyasət yeridir.

Çünki Kristofer Smit Azərbaycana qarşı “907-ci düzəliş”in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxsdir. Məhz bu səbəbdən, onun məlum tədbirlərdə ölkəmizin siyasi mövqeyinə müsbət fikirlər səsləndirməsi absurd görünür. Yəni sözügedən 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilib və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayıb.

ABŞ-ın erməni lobbisinin aparıcı üzvü Aram Hamparyan Kristofer Smitlə tez-tez görüşür...

Həmin bədnam qətnamənin müəlliflərindən biri olaraq, Smitin digər məsələdə - qondarma erməni soyqırımının tanınması istiqamətindəki fəallığını da unutmaq olmaz. Əbəs deyil ki, ABŞ erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyan "Twitter" səhifəsində konqresmen K.Smitin ANKA sədri ilə görüşünü əks etdirən fotoşəkillər və informasiyalar yer alıb. Alt yazısında isə A.Hamparyan qeyd edirdi ki, “erməni işi”ni dəstəkləmək üçün Smit ilə görüşür. Məgər bundan ötə fakta ehtiyac qalırmı?

Eləcə də daha bir xatırlatmanı etmək yerinə düşərdi. Yəni bu həmin K.Smitdir ki, iki il öncə - 2015-ci ildə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı “Azərbaycan Demokratiya aktı” adlı layihəni konqresə təqdim edərək qəbul olunmasını istəmişdi...

Bütün bunları nəzərə alan və diqqətdə saxlayan Azərbyacan tərəfi dəfələrlə bəyan edib ki, ABŞ Helsinki Komissiyasının və onun rəhbərinin indiyə qədərki fəaliyyətləri və qondarma dinləmələri pozitiv nəticələnə bilməz. Ortada olan birbaşa Azərbaycana qarşı aparılan ermənipərəst siyasətidir. Görünür, K.Smit və təmsil etdiyi erməni lobbisi davamlı olaraq ölkəmiz əleyhinə dinləmələr keçirməklə Ermənistanı “müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yadımı artırmağa çağırmaq məqsədi güdür. Buna isə demokratiya deyil, yalnız bir adı vermək olar – demokratiya pərdəsi altında riyakarlıq!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə