Hikmət Babaoğlu: “Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır” AÇIQLAMA

Hikmət Babaoğlu: “Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır” AÇIQLAMA

“Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Azərbaycan Respublikasının Prezidenti 2017-ci ilin doqquz ayında ölkəmizin iqtisadi, siyasi, mədəni, sosial həyatında baş verən məsələlərə münasibət bildirdi. Ona görə də bu çıxışı bir neçə aspektdən, kompleks şəkildə qiymətləndirə bilərik. Çıxışda iqtisadi, siyasi və sosial məsələlər bloku ilə yanaşı, Azərbaycanın həyata keçirdiyi meqa layihələr və hazırkı mərhələdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolundan da ətraflı münasibət bildirildi”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, Cənab Prezident 2017-ci ili ciddi “İqtisadi islahatlar ili” kimi xarakterizə etdi: “Doğrudan da, səsləndirilən rəqəmlər 2017-ci ildə çox böyük iqtisadi uğurların əldə edildiyini göstərir. Bu ilin tarixə “İqtisadi islahatlar ili” kimi düşməsi 2014 və 2015-ci illərdə Azərbaycan Prezidenti tərəfindən qlobal iqtisadiyatda baş vermiş kataklizmlərlə bağlı çevik və effektiv iqtisadi siyasət strategiyası müəyyənləşdirməsi ilə bağlıdır. Əgər 2015 və 2016-cı illərdə ölkəmizdə strateji iqtisadi islahatlar kursu müəyyəşdirilməsəydi, qanunvericilik və institusional sahələrdə islahatlar aparılmasaydı bugünkü uğurlardan da danışmaq olmazdı.

Cənab Prezident qeyd etdi ki, Azərbaycanın valyuta ehtiyatları, onun iqtisadi və siyasi müstəqilliyini şərtləndirən strateji vasitədir. Hazırkı mərhələdə hər bir milli dövlətin valyuta ehtiyatlarının olması onun iqtisadi və siyasi müstəqliyinin bir növ təminatçısıdır. Çünki ölkənin valyuta ehtiyatları yoxdursa, dərhal ən müxtəlif beynəlxalq maliyyə institutları ilkin növbədə bir qədər cəlbedici, sonrakı mərhələdə isə ağır şərtlərlə borc verməklə milli dövlətləri kredit və borclarla yükləyirlər.

Bununla da yenidən iqtisadiyyatı dirçəltmək üçün məşəqqətli bir yol keçmək lazım gəlir. Məhz bu məsələnin həssasiyyətini və hazırkı mərhələdə Azərbaycan üçün bunun nə dərəcədə təhlükəli olduğunu nəzərə alan Cənab Prezident valyuta ehtiyatlarımızın artdığını vurğuladı. Qeyd olundu ki, bu gün Azərbaycanın 42 milyarddan çox valyuta ehtiyatı var və təkcə 2017-ci ilin 9 ayı ərzində valyuta ehtiyatlarımız 4,5 milyard artıb. Müharibə vəziyətində olan bir ölkə üçün valyuta ehtiyatlarının qorunması başlıca strateji məsələdir. Biz bilirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, o cümlədən Azərbaycanın ərazi bütövlüyü məsələsində Azərbaycana çoxsaylı beynəlxalq təzyiqlər edilir. Azərbaycan müstəqil xarici siyasət yeridə bilməsə, o zaman ərazi bütövlüyü məsələsində güzəştə məcbur edilə bilər. Ona görə də həyata keçirilən çevik, iqtisadi-siyasi islahatlar hazırkı mürəkkəb iqtisadi mərhələdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin edir. Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artdığını deyən Cənab Prezident bildirdi ki, 2017- ci ilin 9 ayında ölkə başçısı kimi 14 xarici ölkəyə səfər edib. Eyni zamanda, 10 ölkənin dövlət və hökümət başçısı Azərbaycana səfər edib. Və ilin sonuna kimi qarşılıqlı səfələr davam edəcək. Bu isə Azərbaycanın dünya dövlətləri ilə, beynəlxalq təşkilatlarla münasibətlərinin ikitərəfli və çoxtərəfli qaydada inkişaf etdiyinin göstəricisidir. Heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri, rolu və nüfuzu artırmaqdadır. Əlbəttə ki, bu münasibətlərin hamısında Azərbaycanın başlıca hədəfi öz ərazi bütövlüyünü təmin etməkdir. Bunun üçün Azərbaycan özünə tərəfdaş və dost ölkələr seçir və onların sayını daima artırır.

Azərbaycanda həyata keçirilən çox böyük regional və qlobal xarakterli iqtisadi layihələr də ayrı-ayrı ölkələri Azərbaycana iqtisadi tərəfdaş etməklə yanaşı, həm də onu etibarlı, siyasi partnyor edir.

Məhz bu məsələləri ümumi xarakterizə edən Cənab Prezident qeyd etdi ki, Azərbaycan 2016-cı il aprel döyüşlərindən sonra müxtəlif şərtlər qoyaraq danışıqlar masasından qaçmağa çalışan Ermənistanı danışıqlar masası arxasında oturmağa məcbur edildi.

Hazırkı mərhələdə Azərbaycanın hərbi-siyasi üstünlüyü imperativdirsə, o zaman ermənilər danışıqda maraqlı olmalıdır. Əks təqdirdə, onları çox pis nəticələr gözləyə bilər. 9 ayın yekunlarına həsr olunmuş iclasda bu fikirlərin səsləndirilməsi Ermənistanın işğalçı rejiminə yeni bir mesaj idi. Bu ciddi mesaj Ermənistan tərəfindən düzgün oxunmalıdır.

Cənab Prezident qeyd etdi ki, aparılan xarici siyasətimiz Azərbaycanın milli maraqlarını təmin edən xarici siyasətdir. Önümüzdəki mərhələdə də Azərbaycan bu istiqamətə işlərini davam etdirəcək və yeni layihələr həyata keçirəcəkdir. Azərbaycanda çox münbit investisiya mühiti var. Azərbaycanın iqtisadiyatının qlobal rəqabətlilik reytinqində 37-ci pillədən 35-ə yüksəlməsi mühüm iqtisadi göstəricidir. Bütün bunlar Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində, o cümlədən 2017- ci ildə imzalanan yeni əsrin yeni müqaviləsi və digər mega layihələr kontekstində Azərbaycan iqtisadiyatı üçün böyük perspektivlər vəd edir, onun inkişafını şərtləndirir ki, bu da bizim həm beynəlxalq nüfuzumuzu, həm də siyasi müstəqilliyimizi təmin edəcək əsas resurslar qismində çıxış edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə