YAP İsmayıllı rayon təşkilatının qadınlar şurası toplandı

YAP İsmayıllı rayon təşkilatının qadınlar şurası toplandı

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı qadınlar şurası partiyanın yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları YAP-ın yaranması ilə əlaqədar filmə baxıblar.

Tədbiri açan YAP İsmayıllı rayon təşkilatının sədr əvəzi Sevil Əhmədova qeyd edib ki, YAP-ın siyasi səhnəyə gəlməsi ilə ölkədə azadlığın və müstəqilliyin əsası qoyulub: "YAP-ın yaranması ictimai ehtiyacların obyektiv tələbatına verilən cavab idi. 1995-ci ildə Azərbaycan qadınının cəmiyyətdəki nüfuzunu, hörmətini və yorulmaz fəaliyyətini görən Ulu Öndər Heydər Əliyev qadınlar şurasının yaradılması haqqında qərar verib".

Tədbirdə YAP İsmayıllı rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova çıxış edərək qeyd edib ki, Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı və ləyaqəti ilə təmsil olunur. Qadınların nəcib və xeyirxah məqsədlər naminə sistemli tədbirlərinin genişlənməsində və onların Yeni Azərbaycan Partiyasının sıralarında sıx birləşməsində ölkənin Birinci Xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin xüsusi rolu var.

Digər çıxış edənlər vurğulayıblar ki, ölkə təhsilində və iqtisadiyyatında çalışanların çox hissəsi qadınlardır. Elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində çalışan qadınlar son illər Prezident tərəfindən yüksək fəxri adlara, orden və medallara və fərdi təqaüdlərə layiq görülüblər. Bütün bunlar Azərbaycanda qadınlara diqqət və qayğının bariz göstəricisidir. Eləcə də, İsmayıllı qadınları da bu cür yüksək fəxri adlarla dəyərləndiriliblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv qəbul olunan bir qrup qadına partiyanın üzvlük vəsiqələri təqdim olunub.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə