Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılış mərasimi keçirilib
Oktyabrın 1-də Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısının 2007-ci il 11 sentyabr tarixli Sərəncamına əsasən inşa edilmiş tədris-terapevtik klinika elmi-tədqiqat, müalicə və diaqnostika işlərini özündə birləşdirən nadir universitet klinikasıdır. Tamamilə kompyuterləşdirilmiş klinikada terapevtik, pediatrik və nevroloji xəstəliklərin müasir dünya standartlarına uyğun diaqnostikası, reabilitasiyası nəzərdə tutulur. Bunun üçün klinikada dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq istifadəyə verilib. Avadanlığı yerli "ARASH" Medical şirkəti quraşdırıb. Ümumi sahəsi 25 min kvadratmetr olan 14 mərtəbəli, 400 çarpayılıq stasionar şöbələrə və məsləhət-diaqnostika şöbəsinə malik klinikada hər gün stasionar müalicə alan 400 xəstədən başqa, gündə 300-350 xəstəyə ambulator yardım göstərilməsinə şərait yaradılıb.
Müalicə işi ilə yanaşı, tədris prosesinin də təşkil olunduğu binada 15 klinik kafedra yerləşib. Eyni vaxtda 2140 tələbə yeri olan 8 mühazirə zalı, 70-ə qədər dərs otağında universitetin 3-cü- 4-cü kurs tələbələrinə terapiya, pediatriya, ailə təbabəti, nevrologiya, klinik farmokologiya, fizioterapiya, şüa diaqnostikası və klinik biokimya fənləri tədris olunacaqdır. Bundan əlavə, klinikada rezidentura və doktorantura xətti ilə yüksək ixtisaslı kadrların hazırlanması həyata keçiriləcəkdir. Tədris prosesinin əyaniliyini artırmaq məqsədi ilə 18 mürəkkəb xəstəliyi və onların çoxsaylı fəsadlaşmalarını modelləşdirmək imkanına malik Tibbi Treninq Mərkəzi yaradılıb.
Prezident İlham Əliyev yeni korpusun açılışını bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Sonra dövlətimizin başçısı Azərbaycan Tibb Universitetinin müəllim-tələbə kollektivi ilə görüşüb, onları yeni tədris korpusunun açılışı münasibətilə təbrik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə