Kənd təsərrüfatı məhsullarının istehsalına dair Strateji Yol Xəritəsi ŞƏRH
Rəqəmlər və perspektivlər
Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin yarımillik monitoriq və qiymətləndirilməsini əks etdirən rəqəmlər ictimailəşdirilib. Səs İnformasiya Agentliyi xəbər verir ki, təqdim edilən sxemdə bütün sahələr üzrə ümumi nəticə və hədəflər əks etdirilib və ayrı-ayrılıqda göstərilən rəqəmlərdən də aydın olur ki, hesabatın nəticələri özündə bir sıra uğurları ehtiva etməkdədir. Belə ki, 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 32 faizinin icrası tamamlanıb, 59 faizinin icrası üzrə işlərə başlanılıb. Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi məqsədilə büdcə qaydalarının parametrləri beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib və razılaşdırılıb, büdcə qaydaları tətbiq olunacağı təqdirdə dövlət və icmal büdcə göstəricilərinə təsiri və yarana biləcək risklər təhlil edilib, o cümlədən, proqnoz göstəriciləri hazırlanıb. Avropa İttifaqı və Dünya Bankı tərəfindən təqdim olunan hesabatlar nəzərə alınmaqla, Ortamüddətli Xərclər Çərçivəsinin və nəticəəsaslı büdcə mexanizmlərinin yaradılmasına dair təkliflər hazırlanıb. Makroiqtisadi koordinasiya təmin edilib, məzənnə rejiminin çevikliyi artırılıb.
Beliklə, 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 11 faizi icra edilib, 40 faizinin isə icrasına başlanılıb. Eyni zamanda, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı məhsullarının istehsalı 2,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,7 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz artıb. Əkinlərin ümumi sahəsi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,1 faiz artırılıb. Bununla bağlı Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması ilə əlaqədar təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib. Qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. “Qida təhlükəsizliyi haqqında” qanunun layihəsi və “Azərbaycan Respublikasında qida təhlükəsizliуinin təmin оluпmаsınа dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın layihəsi hazırlanıb. “Azərbaycan Respublikasında maldarlığın intensiv inkişaf etdirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı”nın və “Azərbaycan Respublikasında örüş-otlaq sahələrinin və biçənəklərin səmərəli istifadə olunmasına dair 2018–2022-ci illər üçün Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Toxumçuluq haqqında Azərbaycan Respublikasının yeni qanun layihəsi beynəlxalq ekspertlərlə birgə işlənilib müzakirəyə təqdim edilib. O cümlədən, kənd təsərrüfatı sığortası haqqında yeni Qanun layihəsi hazırlanaraq rəy bildirilməsi üçün müvafiq dövlət orqanlarına təqdim edilib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2017-ci ilin 6 ayı ərzində 2 aqroparka 11,5 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Kənd təsərrüfatı məhsullarının daxili bazardakı ticarəti üzrə uçot göstəriciləri ilə bağlı tənzimləmə sisteminin hüquqi əsaslarının təkmilləşdirilməsi üçün dünya təcrübəsi araşdırılmışdır və işçi qrupun iclasında bununla bağlı təkliflər irəli sürülüb. Yerli istehsalın dəstəklənməsi və daxili bazarın qorunması məqsədilə Respublikamızla sərbəst ticarət sazişi olmayan ölkələrin üstünlük təşkil etdiyi bir sıra malların (pomidor, xiyar) idxalına tətbiq olunan gömrük rüsumlarının 2 il müddətində artırılmasını nəzərdə tutan qərar layihəsi hazırlanaraq, məktubla Nazirlər Kabinetinə təqdim olunub. Kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən ardıcıl olaraq 3 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə, həmin torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi əsasının yaradılması üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əlavə edilməsi barədə qanunun layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. “Aqrolizinq” ASC tərəfindən 3525 kənd təsərrüfatı texnikası, o cümlədən 9 taxılyığan kombayn, 9 pambıqyığan kombayn, 681 traktor və 2826 digər texnika 525 hüquqi və fiziki şəxsə lizinqə verilib və ya lizinq yolu ilə satılıb. Sumqayıt şəhərində yerləşən Karbamid zavodunun tikintisi də davam etdirilməkdədir. Ölkənin aparıcı şirkətlərindən biri ilə Azərbaycan Dövlət Aqrar Universiteti və Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, digər şirkətlər ilə əməkdaşlıq sahəsində də Memorandumun imzalanması gözlənilir.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin fəaliyyətinin səmərəli təşkili üçün yeni regional bölmələr, anbarlar, dayaq məntəqələri və logistika infrastrukturu yaradılıb. Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Portalı (www.aqrarbazar.az) hazırlanıb, eləcə də kənd turizminin inkişaf etdirilməsi və fəaliyyətinin dəstəklənməsi məqsədilə yeni elektron portal (www.ruraltourism.az) yaradılıb. “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə ümumilikdə 79 şirkətin iştirakı ilə 5 ölkəyə ixrac missiyaları həyata keçirilib. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövcud qanunvericilik beynəlxalq ekspertlərin texniki yardımı ilə qiymətləndirilib, qanunvericilikdə dəyişikliklərə dair müvafiq tövsiyə və təkliflər hazırlanıb. Ölkənin 20 rayonunda torpaqların elektron kadastr uçotu işləri yekunlaşdırılıb və ya çöl ölçmə işləri əsasən tamamlanıb. Eyni zamanda, 7 rayonda torpaq uçotu məqsədilə ölçmə işləri davam etdirilir. Kənd təsərrüfatına dövlət dəstəyi sahəsində dünya təcrübəsi araşdırılıb. Şəkər çuğunduru istehsalçılarına əkin sahəsinə görə verilən subsidiyanın ləğv edilərək, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilib şəkər çuğundurunun miqdarına (son məhsula) görə subsidiyanın verilməsi qaydalarının layihəsi hazırlanaraq təsdiq edilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına suvarma suyunun güzəştli satışı ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanıb. Beynəlxalq tərəfdaşlarla birgə regionlarda icma səviyyəli gəlirgətirən layihələr icra olunub. Bundan əlavə, kənd yerlərinin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı layihəsinə təkliflərin verilməsi məqsədilə müvafiq dövlət qurumlarına və yerli icra hakimiyyətlərinə məktublar göndərilib.
Əsas problemlər: 1. Bir sıra tədbirlər üzrə işlər sürətlə və Strateji Yol Xəritəsində müəyyən edilmiş qaydada aparılmır. 2. Dövlət-özəl tərəfdaşlığının inkişafı istiqamətində işlər sürətlə aparılmır.
Tövsiyələr: 1. Bir sıra tədbirlər üzrə icra müddətinin uzun olmasına baxmayaraq, ümumilikdə nəzərdə tutulmuş hədəflərin icrasına nail olmaq məqsədilə işlər sürətləndirilə bilər. 2. Dövlət-özəl tərəfdaşlığının inkişafı üçün dəstək mexanizminin müəyyən edilməsi istiqamətində işlər sürətləndirilə bilər.
Rövşən NURƏƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB