Deputatımız ATƏT PA-da Ermənistanın işğalçılıq siyasətindən danışıb

Andorrada ATƏT Parlament Assambleyasının (PA) payız sessiyası öz işinə başlayıb. Sessiyanın əsas mövzusu “ATƏT regionunda təhlükəsizlik: yeni çağırışlar, yeni hədəflər”dir. Oktyabrın 3-də sessiyanın Aralıq Dənizi Forumu çərçivəsində müzakirələr başlayıb. Forumda Aralıq dənizi hövzəsində təhlükəsizlik və əməkdaşlığa dəstəklə bağlı məsələlər müzakirə olunub. Forumda çıxış edən Ermənistan nümayəndə heyətinin rəhbəri Ermənistanda Dağlıq Qarabağ münaqişəsi səbəbindən 100 mindən çox qaçqının olmasından və Ermənistanın Suriyadan 20 mindən çox erməni qaçqını qəbul etməsindən danışaraq ölkəsinə bu məsələdə dəstək verilməsini istəyib.

Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, deputat Tahir Mirkişili çıxışında ATƏT regionunda hazırda ən ciddi problemlərin qaçqınlar və münaqişələr olduğunu söyləyib. O, ölkələrin bu problemlərin həllində məsuliyyətli və səmimi olmasının zəruriliyini vurğulayıb. Deputat deyib: “Əgər Ermənistan 30 il bundan əvvəl məsuliyyətli olsaydı və Azərbaycanın ərazisini işğal etməsəydi, bu gün Azərbaycandakı 1 milyon qaçqın və məcburi köçkündən və Ermənistandakı 100 min qaçqından danışmazdıq”.

Tahir Mirkişili qaçqınlarla və onların taleyi ilə manipulyasıya edilməsinin yolverilməz olduğunu vurğulayaraq deyib: “Ermənistan nümayəndə heyətinin rəhbəri Suriyadan Ermənistana köçürülmüş 20 min qaçqından danışdı. Ancaq o demədi ki, Ermənistan rəhbərliyi niyə Suriyadan gələn qaçqınları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirib? Sizin onların gələcək taleyi ilə manipulyasiya etməyiniz yolverilməzdir”.

Çıxışının sonunda Tahir Mirkişili problemlərin həlli üçün həmin problemləri yaradan səbəblərin aradan qaldırılmasının zəruriliyini qeyd edib. “Əgər biz problemlərin həllini istəyiriksə, onda ölkələr işğala son qoymalı, bir-birinin ərazi bütövlüyünə hörmət etməlidirlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...