Yeni Azərbaycan Partiyası -xalq hakimiyyət birliyinin bariz nümunəsi
YAP Xətai rayon 265 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatında Yeni Azərbaycan Partiyasının 25 illiyi qeyd olunub
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyi ilə bağlı YAP Xətai rayon təşkilatı tədbirlər planı təsdiqləyərək, bu çərçivədə tədbirlərinə start verib. SİA xəbər verir ki, sentyabrın 29-da YAP Xətai rayon 265 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatında keçirilən tədbir də bu silsilədəndir.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini, 265 saylı tam orta məktəbin direktoru Yeganə Qurbanova Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan danışaraq bildirib ki, YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, və Azərbaycan cəmiyyətində özünəməxsus yer tutumuş bir partiyadır: “Ümummilli Liderin bu tezisi ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, illər keçdikcə sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənən, ən başlıcası milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir. Gələcəyə doğru inamla irəlilyən Yeni Azərbaycan Partiyası ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir".
Natiq eyni zamanda qeyd edib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində ölkəmiz yeni dövrə qədəm qoymuş, quruculuq-abadlıq işləri başlanmışdır: “Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, Azərbaycan xalqının onun ətrafında birləşməsi və Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkəmizi o illərin çətin, ağır vəziyyətindən çıxartdı. Məhz həmin möhkəm təməl üzərində bu gün müstəqil Azərbaycanımız biri-birindən əhəmiyyətli uğurlara imza atır, dünyanın diqqətini özünə yönəldir”.
Xətai rayon icra hakimiyyətinin şöbə müdiri Pənah İmanov isə öz növbəsində bildirib ki, tarixi müstəqil Azərbaycanın tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyasının 25 ildə zəngin və şərəfli yol keçməsini şərtləndirən əsas amil sözlə əməl birliyidir. Bu baxımdan, YAP həmçinin iqtidar partiyası olaraq xalq hakimiyyət birliyinin bariz nümunəsidir: “YAP yarandığı gündən xalqa, dövlətə xidməti fəaliyyətinin əsas xətti kimi qəbul edib. İlk gündən milyonların sevgisini qazanan partiya sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşlirməklə, hər bir üzvü Heydər Əliyev irsinin təbliğinə öz töhfəsini verməyə çalışır. Partiyamız bu gün də Azərbaycan Ulu Öndər Heydər Əliyevin yolu ilə inamla irəliləməkdədir”.
Çıxış edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbaa Mirələmov isə vurğulayıb ki, partiya 25 il Azərbaycanın, eyni zamanda özünün tarixinə biri-birindən əhəmiyyətli uğurlar yazıb: “Artıq, ölkəmiz ən çətin günlərini arxada qoyaraq, bu gün bütün istiqamətlərdə uğurla addımlayır. Yeni Azərbaycan Partiyası uğurlu addımları ilə ona olan ümidləri doğrultdu. Azərbaycanın bu günündən müstəqilliyinin ilk illərində yaşadıqlarına baxanda bütün çətinliklər, faciələr, təhlükələr daha aydın görünür. Azərbaycanı bu bəlalardan, müstəqilliyini itirmək təhlükəsindən xilas edən yeganə şəxsiyyət Heydər Əliyev oldu. Bu səbəbdən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən onun xilaskarlıq missiyası xüsusi olaraq önə çəkilir. 26 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın uğurlarının bələdçisi olan Yeni Azərbaycan Partiyası daim yeni-yeni hədəflərə öz töhfəsini vermək üçün səylər göstərir. YAP-ın ən böyük uğuru yarandığı gündən insanların inamını qazanmasıdır”.
“Yeni Azərbaycan Partiyasının 25 illik fəaliyyəti dövründə ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmasını şərtləndirən əsas amillərdən biri, məhz ona olan inam, həyata keçirdiyi siyasətə dəstəkdir. Partiya qələbələri ilə tutduğu yola sadiqliyini təsdiqləyib”-deyə qeyd edən Hüseynbala Mirələmov əlavə edib ki, 25 ililk zaman böyük tarixdir, mərhələdir: “Daim yeniliyə, təkmilləşməyə səy göstərən Yeni Azərbaycan Partiyası hər bir seçki prosesinə qatıldığı şüarlarla Azərbaycanın davamlı inkişafına dəstəyini nümayiş etdirir. O cümlədən, YAP Xətai rayon təşkilatının ilk təsis olunan rayon təşkilatlarındandır və bu gün təşkilat sıralarında 16 mindən artıq üzvü birləşirir, bu üzvlər 143 ilk ərazi təşkilatında təmsil olunur”.
Tədbir iştrakçılarını bir daha əlamətdar hadisə münasibətilə təbrik edən YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov ictimai-siyasi fəallığı ilə seçilən bir qrup üzvü YAP Xətai rayon təşkilatının Fəxri fərmanı ilə təltif edib.
Qeyd edək ki, tədbirdə çıxış edən məktəbin müəllimləri Sevda Mürşüdova, Vüsalə Mehdiyeva, gənc üzvlər adından Nəzakət Ağamirzəyeva Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan böyük şərəf duyduqlarını qeyd ediblər və bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin də tarixi çıxışlarında hər zaman xüsusi qeyd olunurdu ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək xalqa, dövlətə xidmət etmək deməkdir.
YAP Xətai rayon təşkilatı qadınlar şurasının sədri Aygün Əhmədli isə çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir: “Partiyanın sıralarında birləşən üzvlərin böyük əksəriyyətinin qadınlar olması onların ictimai-siyasi fəallıqlarının yüksək olmasının, eyni zamanda partiyaya dəstəklərinin göstəricisidir. 25 illik zəngin yol keçmiş Yeni Azərbaycan Partiyası bu möhkəm bunövrə üzərində daha böyük uğurlara imza atacaq, Azərbaycan daha möhtəşəm uğurları ilə dünyanın diqqətində olacaq”.
Tədbirin sonunda məktəbin şagirdləri müstəqil Azərbaycanımızın, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu özündə əks etdirən şeir və mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
R.NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB