Daim yeniləşən, sıralarını zənginləşdirən partiya YAP

Daim yeniləşən, sıralarını zənginləşdirən partiya YAP

YAP Yasamal rayon «Neftqazelmitədqiqatlayihə» İnstitutu ərazi ilk partya təşkilatı Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirdi

Nəinki ölkənin, hətta regionun aparıcı siyasi təşkilatı kimi böyük nüfuz qazanan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 ili tamam olur.

Dünən YAP Yasamal rayon «Neftqazelmitədqiqatlayihə» İnstitutu ərazi ilk partiya təşkilatının bu münasibətlə keçirdiyi tədbiri giriş sözü ilə açan təşkilatın İdarə Heyətinin üzvü, «Neftqazelmitədqiqatlayihə» İnstitutunun direktoru Fəxrəddin İsmayılov bildirdi ki, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının hansı zərurətdən yarandığını təhlil etmək hər zaman günün tələbi olaraq aktualdır. Zamanın tələbi, xalqın istəyi ilə yaranan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisidir. Partiya dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edərək, atdığı addımlarla cəmiyyətdə nüfuzunu daha da artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən partiyanın bu gün sıralarında 700 mindən artıq üzvün birləşməsi ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, bu xətti uğurla davam etdirən Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının 25 illik tarixi yolda əldə etdiyi uğurlara qısa baxış ulu öndər Heydər Əliyevin «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» fikrinin böyük əsaslara söykəndiyini təsdiqləyir.

YAP Yasamal rayon «Neftqazelmitədqiqatlayihə» İnstitutu ərazi ilk partiya təşkilatının sədri Xıdır İbrahimov vurğuladı ki, uğurlarımızın ümumiləşdirilmiş ifadəsi olaraq deyə bilərik ki, ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət Azərbaycanın qarşısında yeni-yeni imkanlar açır, hədəflər

müəyyənləşdirir. Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu hədəflərə çatmağa öz töhfəsini verməyə səy göstərir.

X.İbrahimov Yeni Azərbaycan Partiyasının 25 ildə qazandığı uğurların miqyasının nə qədər geniş olduğunu bugünümüzün reallıqları əsasında bir daha diqqətə çatdırdı. Vurğuladı ki, YAP milyonların partiyası imicini səbəbsiz yerə qazanmayıb. Tutduğu yol, xalqa, dövlətə xidmət prinsipi, dəyişməz mövqeyi partiyanı xalqın partiyasına çevirib. Son 14 ildə YAP ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi müstəqil Azərbaycanın tarixində əhmiyyətli hadisədir. 25 il keçmişə və gələcəyə baxışdır. Ötən dövrdə Azərbaycan düzgün qurulan siyasətin sayəsində inkişaf, tərəqqi yolunda inamla irəlilyərək, bu gün beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas məkana, eyni zamanda, iqtisadi möcüzələr ölkəsinə çevrilib. Bu uğurların fonunda Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı ağır durum aydın şəkildə görünür. O illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından Azərbaycan öz müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən əsas amillər də məhz həmin dövrün reallıqları idi. Ümumilikdə Azərbaycan xalqının istəyinin ifadəsi olan 91 nəfər ziyalının dahi rəhbər Heydər Əliyevə ünvanlıdığı müraciətdə o illərin sosial-iqtisadi, siyasi durumu ətraflı şəkildə qeyd edilirdi. Müraciətdə deyilirdi ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar. Ümummilli lider Heydər Əliyev bu müraciətə cavabı ilə müstəqil dövlətimizin gələcək taleyini müəyyənləşdirdi.

T.Əhmədov ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin, eyni zamanda, Yeni Azərbaycan Partiyasının nailiyyətlərdən bəhs etdi.

Bildirdi ki, bu gün Azərbaycan böyük quruculuq meydançasını xatırladır.

YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Azərbaycanın bugünkü inkişafı, tərəqqisi hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaradır. Möhkəm təməl Azərbaycanın qarşısında geniş imkanlar açır. Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə dövlətin modernləşmə, yeniləşmə siyasətinə dəstəyini təsdiqləyir. Bu gün inkişafın Azərbaycan modelinin movcudluğunun beynəlxalq səviyyədə təsdiqlənməsi ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətə və bu xəttin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə söykənir.

V.Rəhimzadə bugünümüzün reallıqlarını müstəqillyimizin ilk illəri ilə müqayisə edərək Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini açıqladı. Bildirdi ki, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyası elə yarandığı gündən milyonların sevgisini qazandı. Təbii ki, bu sevgi söz və əməl birliyinə əsaslanır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin yaradıcısı və möhtərəm Prezidentimiz İlham Əliyevin Sədri olduğu YAP regionun aparıcı siyasi təşkilatına çevrilib.

Çıxışda o da bildirildi ki, YAP-ın yaradılmasının 25 illiyinin ən başlıca mənası partiyanın qarşıya qoyduğu amalların reallaşmasının nəticəsi kimi bugünkü Azərbaycandır. YAP öz üzərinə götürdüyü vəzifəni, insanların ona bağladığı ümidləri doğruldaraq Azərbaycan vətəndaşlarının ulu öndər Heydər Əliyevdən və onun yaratdığı partiyadan gözlədikləri nə varsa, hər birini həyata keçirdi. Atılan uğurlu addımlar və onların nəticələri Yeni Azərbaycan Partiyasının 25 ildə yaşadığı ayrı-ayrı mərhələlərdir. Hazırda bu yol ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyası daim yeniləşir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir, ən əsası müstəqil Azərbaycanın uğurlarının bələdçisi kimi yeni-yeni hədəflərin gerçəkləşməsinə öz davamlı töhfələrini verir.

V.Rəhimzadə çıxışında diqqəti bu günlərdə «Yeni əsrin müqaviləsi»nin imzalanmasına yönəltdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası daim müstəqil Azərbaycanımızın qarşısında geniş üfiqlər açır. Azərbaycan iqtisadi və siyasi mövqeyini möhkəmləndirməklə yeni tərəfdaşlar, dostlar qazanır, beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilir.

YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bu inamı ifadə etdi ki, Yeni Azərbaycan Partiyasının növbəti yubileylərini Azərbaycanın daha möhtəşəm uğurları ilə qeyd edəcəyik. Azərbaycan yeni hədəflərə doğru inamla irəliləyir, onun inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyi artıq reallıqdır.

İnstitutun əməkdaşı Ramil Qədirov çıxışında bildirdi ki, Azərbaycan gəncliyi Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaqdan, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, gələcəyə inamla irəliləməkdən böyük qürur duyur.

Sonra partiya sıralarına daxil olmaq istəyənlərin müraciətlərinə baxıldı. Müraciət edənlər sırasında «İki sahil» qəzetinin əməkdaşları Günel Cəlilova, Şəfiqə Dadaşova, Mənsumə Babayeva və Nurlan Məlikzadə də vardır.

Sonda YAP Yasamal rayon «Neftqazelmitədqiqatlayihə» İnstitutu ərazi ilk partiya təşkilatının sədri Xıdır İbrahimova 50 illik yubileyi və partiyanın işində fəal iştirakına görə YAP Yasamal rayon təşkilatının Fəxri fərmanı təqdim edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə