Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndə heyəti Türkiyədə səfərdə olub
2010-cu il 20-24 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndə heyəti Türkiyə Respublikasında səfərdə olub. SİA-nın məlumatına görə, nümayəndə heyətinə Komissiyanın Aparatının rəhbəri Vilayət Hüseynov, Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli, Mühasibat və təsərrüfat sektorunun müdiri Vəli Məstəliyev, İT və proqram təminatı sektorunun baş məsləhətçisi Vüsal Həmidov və Hüquq sektorunun aparıcı məsləhətçisi Elvin Əliyev daxil olublar.
Nümayəndə heyəti Türkiyə Respublikasının dövlət naziri Hayati Yazıcı və Dövlət Kadrlar İdarəsinin başqanı Mehmet Tekinarslanla görüşüblər. Görüşlərdə iki qardaş ölkə arasında dövlət qulluğu sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilmiş və təcrübə mübadiləsi məqsədi ilə təşkil olunan qarşılıqlı səfərlərin bu əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əminlik vurğulanıb. Eyni zamanda görüşlərdə həm qurumlararası, həm də dövlət qulluğu sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.
Səfər ərzində Komissiyanın nümayəndə heyətini Türkiyə Respublikasının dövlət qulluğu sistemi ilə daha yaxından tanış etmək məqsədi ilə Dövlət Kadrlar İdarəsinin əməkdaşları "Dövlət qulluğu sistemi və idarənin təşkilatlanması", "Dövlət qulluqçularının reyestrinin aparılması", "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi", "Dövlət qulluğuna son verilmə halları və intizam tənbeh tədbirləri", "Dövlət qulluqçularının maddi və sosial təminatları", "Dövlət məmurlarının yetişdirilməsi və vəzifədə yüksəliş" mövzularında təqdimatla çıxış ediblər.
Komissiyanın nümayəndə heyəti Karabük valiliyində vali İzettin Küçüklə, Safranbolu Kaymakamlılığında kaymakam Gökhan Azcanla və Safranbolu bələdiyyəsində bələdiyyə başqanı Necdet Aksoyla da görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB