Geniş turizm potensialına malik Lənkərana istirahətə gələnlərin sayı ildən-ilə artır. Bu barədə SİA-nın cənub bürosuna Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi İlqar Əzimov bildirib. Onun sözlərinə görə, Lənkəranda 10 turizm-istirahət mərkəzi və Haftoni qəsəbəsində "İsti su" pansionatı qeydiyyatdan keçib. Hazırda "Xanbulan" turizm istirahət mərkəzi və "Mamusta" qonaq evi lisenziya almadığından, "İsti su" pansionatı isə təmir olunduğundan fəaliyyətləri dayandırılıb. Buna baxmayaraq, əgər ötən il ərzində rayona cəmi 7 minə yaxın qonaq gəlmişdisə, bu ilin sentyabrına kimi keçən ildəkindən 20 faiz çox,yəni 8 min nəfərdən çox turist gəlib. İstirahət mərkəzlərində dincələnlərə yüksək xidmətlə yanaşı, Lənkəran mətbəxinin dadlı təamları təqdim olunur.
Gələnlərin 30 faizini əcnəbilər üstünlük təşkil edib. Xüsusən ABŞ, Rusiya, İran və bir sıra Avropa ölkələrindən gələn turistlər cənub bölgəsinə maraq göstərir.
Turizm marşrutlarına gəlincə isə, idarə rəsmisi bildirib ki, istirahət üçün Lənkəranı seçən qonaqlar Mir Əhməd xanın evi olan Tarix-diyarşünaslıq muzeyi, Dairəvi qala, Mayak, Bəlləbur qalası, Şeyx Zahid türbəsi ilə yanaşı, digər tarix və mədəniyyət abidələrinə ekskursiya edə bilərlər. Bundan əlavə, yaşıl turizmin təşkili üçün relikt və endemik bitki örtüyü ilə zəngin olan Hirkan Milli parkında hər cür şərait təşkil olunub.
Ekoturizmin inkişafı ilə bağlı kəndlərdə müvafiq şəraitə malik evlərin aşkarlanması və ev sahiblərinin razılığı alındıqan sonra turistlərin burada qəbulu gerçəkləşdiriləcək. Növbəti ildən gələn qonaqlara təqdim etmək üçün Lənkərandakı abidələr haqqında ingilis, rus və Azərbaycan dillərində olan məlumat kitabçaları hazırlanır.
İ.Əzimov əlavə edib ki, gələn qonaqlara yerli istehsal olan suvenirlərin satışı üçün rayonda el sənətkarları ilə razılıq əldə olunub. Bir sözlə, Lənkərana qədəm basan turistlərin buradan ən xoş təəssüratlarla ayrılması üçün bütün tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB