Çionq Txi May: "Vyetnama çox gözəl təəssüratlarla qayıdacağıq" MÜSAHİBƏ

Çionq Txi May: "Vyetnama çox gözəl təəssüratlarla qayıdacağıq" MÜSAHİBƏ

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi Mayın SƏS TV-yə müsahibəsi

- Artıq bir neçə gündür ki, ölkəmizdə səfərdəsiniz. Səfərlə bağlı təəssüratlarınız.

- Mən çox şadam ki, Azərbaycana ilk səfərim məhz Yeni Azərbaycan Partiyasının dəvəti ilə baş tutub. Azərbaycana gəlməmişdən öncə ölkəniz haqqında məlumatlı idim. Lakin səfərim zamanı ölkənizin nə qədər gözəl və inkişaf etmiş olduğunun şahidi oldum. Mən burada dinamik, inkişaf edən ölkə gördüm. Vətəndaşlarınız qonaqpərvər və mehribandır. Mən əminəm ki, Azərbaycan, eləcə də paytaxt Bakı yaxın gələcəkdə daha da inkişaf edəcək.

- Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda oldunuz. Bu görüşdən hansı təəssüratlarla ayrıldınız?

- Azərbaycana səfərimiz zamanı biz ilk olaraq Heydər Əliyev Mərkəzinə getdik və Azərbaycanın müstəqil dövlət kimi bu səviyyəyə çatmasında Ulu Öndərin rolunun bir daha şahidi olduq. Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşümüzdə Vyetnamla əlaqələrin daha da inkişaf etməsinə böyük diqqət ayırdığını gördük. Biz çox şadıq ki, Azərbaycan prezidenti Vyetnamı Cənub-Şərqi Asiyada özünün etibarlı tərəfdaşı hesab edir. Azərbaycan Prezidenti görüş zamanı Azərbaycan Vyetnam arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin, ticarət dövriyyəsinin artırılmasının önəmini vurğuladı. Həmçinin bildirdi ki, ölkələrimiz arasında mövcud olan tarixi-mədəni əlaqələrin genişləndirilməsi çox vacibdir.

Biz həmçinin səfərimiz zamanı Azərbaycan Milli Məclisində olduq. Vyetnam Kommunist Partiyası ölkələrimiz, xalqlarımız arasında münasibətlərin inkişafını mühüm hesab edir. Biz Azərbaycan Prezidentinə, Yeni Azərbaycan Partiyasına və Milli Məclisə Bakıda olduğumuz müddətində bizə göstərilən qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirərəm. Biz Vyetnama çox gözəl təəssüratlarla qayıdacağıq. Biz arzu edirik ki, Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələr ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafına xidmət etsin.

- Biz bilirik ki, Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələr uğurla inkişaf edir. Qarşıda hansı perspektivlər var?

- Partiyamızla Yeni Azərbaycan Partiyası arasında 2013-cü ildə əməkdaşlıq memorandumu imzalanıb. Bu sənəd partiyalar arasında əlaqələrin inkişafının əsasını təşkil edir. Lakin ikitərəfli münasibətlərimiz dərin köklərə malikdir. Belə ki, Vyetnam Sosialist Respublikasının ilk Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfər edib. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev də 1983-cü ildə Vyetnamda səfərdə olub. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini əldə edib. Artıq 1992-ci ildən ölkələrimiz arasında diplomatik əlaqələrin təməli qoyulub. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi tamam olur. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vyetnama dövlət səfəri edib, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının keçmiş Prezidenti cənab Çıonq Tan Şanq Azərbaycanda rəsmi səfərdə olub. Bizim Azərbaycana səfərimiz əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir. Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələr eyni zamanda ölkələr və xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün mühümdür.

- Vyetnam Kommunist Partiyası ICAPP çərçivəsində Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığını necə qiymətləndirir?

- Partiyamız Yeni Azərbaycan Partiyasının ICAPP-dakı rolunu çox böyük qiymətləndirir. Biz ümid edirik ki, hər iki partiya ICAPP-ın fəaliyyətinin genişləndirilməsi istiqamətində əlindən gələni edəcək. Bu, beynəlxalq əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Məhz 2013-cü ildə partiyalar arasında imzalanan sənəddə də ICAPP çərçivəsində daimi görüşlərin keçirilməsi nəzərdə tutulub.

- Bildiyiniz kimi, Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunub. Biz Vyetnamın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini öyrənmək istərdik.

- Azərbaycana səfərimiz müddətində keçirilən görüşlərdə də məsələ ilə bağlı mövqeyimizi bildirərək qeyd etmişik ki, Vyetnam Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır. Biz arzu edirik ki, tərəflər problemin həllində ortaq nöqtəyə gələ bilsinlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə