Zenit raket komplekslərini Ermənistana satmaq Rusiyaya sərf etmir - ANALİTİK

Zenit raket komplekslərini Ermənistana satmaq Rusiyaya sərf etmir - ANALİTİK

Rusiyanın hərbi eksperti Azərbaycanı potensial alıcı kimi dəyərləndirməklə erməniləri pəjmürdə etdi

Rusiyanın “İzvestiya” nəşri avqustun 22-dən başlayaraq fəaliyyət göstərən “Armiya-2017” (Ordu-2017-R.N.) sərgi-forumu barədə məqalə dərc edib və xarici hərbi mütəxəssislərə ilk dəfə olaraq ilk dəfə ən müasir zenit-raket sistemləri (ZRS) olan S-500 “Prometey”, “Antey-4000” və “Buk-M3” kompleksinin yenilənmiş variantı nümayiş olunub. Qeyd edilir ki, Rusiya istehsalı olan və ən müasir standartlara cavab verən bu komplekslər havadan müdafiə üçün nəzərdə tutulub, eyni zamanda Rusiyanın milli hava-kosmik müdafiəsinin əsas silahları kimi tətbiq olunacaq. Həmçinin, ZRS-lərin xarici alıcılar tərəfindən də maraqla qarşılandığı bildirilir.

“Eksport voorujeniy” jurnalının baş redaktoru Andrey Frolov Azərbaycanın alıcılıq qabiliyyətini yüksək qiymətləndirib

Sözügedən məqalədə “Eksport voorujeniy” (Silah ixracı-R.N.) jurnalının baş redaktoru Andrey Frolov da istisna etməyib ki, həmin komplekslər əsasən, potensial alıcılara nümayiş olunacaq ki, həmin alıcılar arasında Azərbaycanın da adı vurğulanır. Məhz bundan sonra erməni mediası dərhal həyəcan təbili çalaraq Azərbaycanın bu silahlarla təchiz olunacağı ehtimalının böyüklüyü ətrafında yazılar verməyə başladılar. Həmin yazılarda Azərbaycanın müdafiə nazirinin düşmənin istənilən hava hücumlarının qarşısını ala biləcək ən müasir silahlara malik olması da xüsusilə qeyd olunub. Erməni analitikləri “İskəndər” raketlərinin də yuxarıda adları çəkilən zenit raket sistemləri vasitəsiylə məhv edilməsi təlaşla bildirilir.

Görünür, bu səbəbdən hərbi ekspertlərə müraciət edərək, Azərbaycanın bu silahları əldə etmək şansları ətrafında fikirlər öyrənməyə çalışan erməni analitik yazarları bu cəhətdən də istədikləri cavabları ala bilməyiblər. Daha doğrusu, rusiyalı hərbi ekspertlərin də verdikləri açıqlamalar erməni tərəfini qane etmir. Məsələn,

Rusiyalı hərbi araşdırmaçısı və eksperti Aleksandr Xramçixin yeni ZRS-lər barədə hansı sirrləri açdı?

Rusiyanin siyasi və hərbi araşdırmalar mərkəzinin Moskva təmsilçisi, mərkəzin direktor müavini Aleksandr Xramçixinə görə, hələlik S-500-lər ixrac üçün nəzərdə tutulmayıb, çünki bu komplekslər hətta Rusiyanın silahlı qüvvələrində istifadəyə verilməyib. Bu barədə Ermənistanın 1in.am saytına müsahibə verən rusiyalı hərbi ekspert bildirib ki, həmin komplekslər yalnız 2019-ci ildə Rusiya ordusunun silah arsenalına daxil ediləcək. A.Xramçixin qeyd edib ki, S-500-lər barədə çox yüksək fikirlər söylənilsə də, onların digər qabiliyyətləri sirr olaraq saxlanılmaqdadır. “Bəllidir ki, onlar hərbi-kosmik hədəflərini çox geniş spektorda məhv edə bilmək gücündədirlər, o cümlədən, ABŞ istehsalı olan hipersəs uçan aparatları da buraya daxildir”-deyə bildirən rus eksperti “Antey-4000” ZRS-i barədə daha geniş məlumatların olduğunu bildirib. “Bu, “3PS U-300B4”ün modifikasiya edilmiş variantıdır və ixrac üçün nəzərdə tutulub”-deyə vurğulayan A.Xramçixin əlavə edib ki, sözügedən ZRS-ləri “S-300B”lərin təkmilləşdirilmiş variantıdır. SİTAT: “Mütəxəssislərin rəyinə əsasən, “3PS U-300B4” daha öncəki “S-300”lərdən fərqli olaraq, bu raketləri 2.3 dəfə üstələyir. Onun radarları daha həssas və uzağı görən, eləcə də ən zəif dalğanı belə tuta bilmək, güclü dalğalara isə dözmək qabiliyyətindədir. Yeni sistemlər üçün yeni raketlər yaradılıb və düşmənin 400 kilometrlikdəki hədəflərini məhv edə bilər”.

“Teoretik olaraq mümkündür ki, Azərbaycan tərəfi də bu raketlərə yiyələnə bilsin...”

Lakin ermənilərin könüllərini almaq xətrinə bir sıra ehtimallarda bulunan rusiyalı hərbi ekspert bir daha xatırladıb ki, “S-500”lər Rusiya hərbi qüvvələrinin silah arsenalında yoxdur. O, bununla demək istəyib ki, hələlik nə Azərbaycan, nə də digər xarici ölkə onları ala bilməz. Hətta qeyd olunub ki, “S-500”lər satışa çıxarılarsa, bu yalnız 15-20 il sonra baş tuta bilər.Ancaq o, “S-400”lər barədə bənzər fikirlər söyləməyib. SİTAT: “S-400”lərə gəldikdə isə artıq bu sistemlər satılır və teoretik olaraq mümkündür ki, Azərbaycan tərəfi də bu raketlərə yiyələnə bilsin...”

Xramçixin Azərbaycanın “Antey-4000” sistemlərini qısa zamanda ala biləcəyini bildirib. Onun fikrincə, digərlərindən fərqli olaraq, bu sistemlər satışa çıxarılmasa da, onları almaq daha asan olacaq.

“Ermənistanın da bu silahları almaq istədiyini bilirik, ancaq bu ölkənin maliyyə resursları məhduddur”

Ancaq bu arada rus hərbi ekspert erməni jurnalistlərinin ona verdikləri sualları ətrafında necə deyərlər, onların könüllərini almağa çalışıb, ancaq reallığı da gizlədə bilməyib. “Ermənistan barədə danışarkən, bu ölkənin həmin sistemlərə malik olmaq istəməsini bilirik, ancaq problem bu ölkənin maliyyə resurslarının məhdud olmasıdındadır”-deyə qeyd edən A.Xramçixin hətta qeyd edib ki, Ermənistan Rusiyanın müttəfiqi olaraq bu növ silahları imtiyazlı şəkildə də əldə edə bilər, ancaq bu da Rusiyaya heç cür sərf etmir. Hərbi ekspert bunu belə izah edib ki, yeni ZRS-ləri ilk növbədə Rusiya üçün kommersiya layihəsidir, çünki Rusiyaya pul lazımdır. SİTAT: “Silah satışı neft və qaz ixracatından sonra Rusiya üçün əsas gəlir mənbəyidir. Belə ki, ZRS-lər çox münbit gəlirlər sırasındadır. Hətta bu raketin bir ədədi satılarsa, bu satışdan külli miqdarda gəlir əldə etmək olar. Rusiyanı da məhz bu məsələ maraqlandırır. Azərbaycana silahların satışı da tam olaraq kommersiya məqsədi daşımaqdadır”.

Fakt budur ki, gec, ya da tez Azərbaycan maliyyə resurslarından istifadə edərək, həmin silahlara sahib olmaq imkanını qazanacaq

Rus hərbi eksperti Türkiyə ilə bağlı məqamlara da toxunub və bildirib ki, “S-400”lərin bu ölkəyə satışı məsələsi isə bilavasitə siyasi anlaşmanın nəticəsidir, çünki Rusiya ilə Türkiyə arasında Suriya maraqları dayanır. Məhz bu baxımdan, “S-400”lər nəyin bahasına olursa-olsun Türkiyəyə Rusiyanın təklif etdiyi qiymətə satılacaq.

A.Xramçixin müsahibəsinin sonunda bir daha Ermənistan tərəfini pəjmürdə edərək deyib ki, Rusiya müttəfiqi olaraq bu ölkəyə istənilən silahı problemsiz şəkildə sata bilər, sadəcə belə olan vəziyyətdə qiymət məsələsi ortaya çıxır. Onları ucuz satmaq sərf etmir.

Beləliklə, rusiyalı hərbi ekspert müəyyən mənada ermənilərə təskinlik versə də onların istəklərinin baş tutmayacağını bəri başdan bildirib və fakt budur ki, gec, ya da tez Azərbaycan maliyyə resurslarından istifadə edərək, həmin silahlara sahib olmaq imkanını qazanacaq. Əbəs yerə deyil ki, Rusiyalı ekspertlər məhz Azərbaycanın adını digər aparıcı dövlətlər sırasında potensial alıcı kimi qiymətləndiriblər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə