Toya gəlməsən, facebookda blok olunacaqsan, bax ha...

Toya gəlməsən, facebookda blok olunacaqsan, bax ha...

Toy kimi gözəl adət-ənənəmiz var. Bəlkə də, heç bir xalqda öz sevincini, şadlığını təmtəraqla qeyd edə biləcək belə bir adət yoxdur. Amma görünən odur ki, günlər ayları, aylar illəri əvəz etdikcə, bu ənənə öz formasın dəyişməyə başlayır. Bir zaman üç gün, üç gecə zurna-balaban sədaları ilə övladına toy edən valideynlər bu gün üç-dörd saatlıq məclislə tarixi ənənəni yola verir. Bu üç-dörd saatlıq toy zamanı nələr baş vermir ki...

Toy ona görə edilmir ki, çıtma vurub, hopstop oynayasan və ya tanqo gedəsən. Toy şənlənmək, yeni ailə quranların şadlığına şərik olmaq deməkdir. Amma bizlər bəzən toyu o qədər cılızlaşdırırıq ki, bir növ şadlığımıza şıllaq atmış oluruq. Masa üzərində o qədər təamlar düzülür ki, bilmirsən hansından yeyib, hansından dadasan. Bəzən acgözlük edib hər nə gəldi yeyirsən ki, axırda da mədən pozulur, baş ağrısı qarın ağrısını əvəzləyir, ürək bulanmaları da öz yerində. Hətta xəstəxanalıq olanlar da olur. Adama deyən lazımdır, niyə acgözlük edirsən, dünyanın axırıdır? Bundan pisi də məclis sahibinin öz övladı üçün təmtəraqlı toy məclisi qurmaq üçün dəridən-qabıqdan çıxmasıdır. Kredit götürüb, gəlinə 5 min manatlıq brliyant alınır, İranın, Türkiyənin taxta-şalban sexində düzülüb-qoşulan və qiyməti 7-8 min manat olan mebel alıb, oğlan evinin darısqal otağında quraşdırılır. Toy günü xərclər daha cox ola bilər. Buraya şadlıq evinə ödənilməli olan, 6-7 min manat, tamadaya və şou əhlinin tanınmış mütrüblərinə verilən 8-10 min manatı da əlavə etsək, toy sahibinə toy xərclərinin 35-40 min manata başa gəldiyini demək olar.

Açığı, mənə ən cox təsir edən şou əhlinin ünlü mütrüblərinə ödənilən puldur. Bu məxluqatlar əllərində mikrofon attanıb-düşüb, şəstlə heç kəsin başa düşmədiyi mahnılar ifa edirlər. Gedəndə də, ən azı 8-10 min manat almaqla, toy sahibinə ağır zərbə vururlar. İnanın, toyda dost-tanışın şeir deyib, bildiyi mahnını oxumasına razı olaram, ancaq Aygünun, Nadirin, Röyanın, Rəqsanənin oxumağına razı olmaram. Amma nə işdisə, hələ ki, bu mütrüblər Azərbaycan toylarında meydan sulayırlar. Bu, nə üçündür, lazımdırmı? Bütün bunların yeni ailə quranların xoşbəxtliyinə, ailə səadətinə nə dəxli var ki? Bu sualı ailə quranlara və ya onların valideynlərinə versən, səni topa tutar, hörmətdən-izzətdən salar. Birbaşa deyər ki, eldən, qohum-qonşudan, bəyin, gəlinin iş yoldaşlarından ayıbdır. Necə ola bilər ki, qonşudan geri qalım. Vay o günə ki, toya çağırdığın qonaqların, bir qismi gəlməyə. Onda, həqiqətən də, toy sahibinin işləri fəna olacaq. Şadlıq evinin sahubinin nə vecinə, stol bəzənib, pulunu ödə. "Bəxtiyar" kinofilmindəki kontrabas çalan artist kimi "pulumu verin, pulumu" deyib, cumacaq, toy sahibinin üstünə. Verməsən, bəy girov götürüləcək. Azmı olub belə xoşagəlməz hadisələr. Toy sahibi borc-xərc edib, şadlıq evinə olan borcunu ödəyir, hirsini-hikkəsini isə toya dəvət etdiyi, amma gəlməyən dost-tanışdan çıxacaq. Dərhal, vatcapda giley-güzar mesajı yazılacaq, ən pisi də odur ki, facebook-da dostluqdan çıxarılacaq. Hesablamaya görə, Azərbaycanda bir il ərzində facebook-da blok olunan 124 min insandan 83 mini toya dəvət olunub, ancaq gəlməyən insanlardır.

Təbii ki, toyun sıx və təmtəraqlı keçməsi ən çox şadlıq evlərinin sahiblərinin işinə yarayır. Yəni qaz vurub-qazan doldurmaq üçün şadlıq evləri ən yaxşı məkandır. Ən maraqlısı da odur ki, şadlıq saraylarının sahiblərinin əksəriyyəti Hacıdır. Hansı ki, bu insanların sözləri ilə əməlləri heç zaman üst-üstə düşmür. "Hacı"ların hansısa kasıba, imkansıza əl tutduğu, yardım etdiyi faktı mövcud deyil. Əksinə, işçilərin hüquqları pozulur, haqları əllərindən alınır. Xüsusilə də, uşaq əməyi bu məkanlarda daha tez-tez istismar edilir. "Hacı"lar isə susurlar. Çünki onlara ucuz işçi qüvvəsi olan uşaq əməyindən istifadə etmək daha çox sərf edir. Haqq yox, divan yox, Əmək Müfəttişliyi də, şadlıq saraylarının heç pəncərəsindən boylana bilmir.

Dünən marşurut avtobusunda üç yetkinlik yaşına çatmamış gəncin etdiyi söhbətə qulaq şahidi oldum. Uşaqlar "Həyat", "Oazis", "Ağ Saray", "Sarı Gəlin", "Su sonası" şadlıq saraylarında ofisant kimi işləmələrindən və hər dəfə də müxtəlif bəhanələrlə onlara verilməli olan 10 manatın 2-3 manatının kəsilməsindən giley-güzar edirdilər. O gün də, saytların birindən oxuyuram ki, Xırdalan şəhərindəki "Xəzinə Palace" şadlıq sayrnında çalışan yetkinlik yaşına çatmamış bir uşaq-ofisiant namaz qıldığı üçün işdən azad olunub. Öyrənirəm ki, bu şadlıq sarayının sahibi hacıdır, guya din-iman əhlidir. "Hacı"nın sözçüsü olan administrator ağzından horra tökülə-tökülə iddia edir ki, "bura namaz qılmaq yeri deyil. Onu bir daha işə götürməyəcəyik". Nə isə...şadlıq evlərində qiymətlər baha, keyfiyyət isə yox dərəcəsindədir. Bəzi şadlıq evlərində mənşəyi bəlli olmayan ərzaqlardan qida hazırlanır, əl vurulmamış və ya yarımçıq qalmış qida növləri növbəti toylarda süfrəyə düzülür. Söz yox ki, bununla toy sahibi pulundan olur, qonaqların isə sağlamlığına zərər dəyir. Gigiyena və Epidemologiya Mərkəzi isə susmağa üstünlük verir. Ümumiyyətlə, bu qurumun fəaliiyətinin nədən ibarət olduğunu bilən yoxdur, varsa, açıqlasın. Bu günə kimi Gigiyena və Epidemologiya Mərkəzinin hansısa şadlıq evində yoxlama apardığını və nəticələr barədə cəmiyyətə hansısa açıqlamalar verdiyinin şahidi olmamışıq. Onlarınkı ancaq xırda dönərxana və ya qəssabxanadır ki, burada da aparılan yoxlamalar səthi xarakter daşıyır. Nə isə, həqiqətən də, toy kimi çox gözəl adətimiz, ənənəmiz var.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə