E.Süleymanova YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevardı qəbul edib. Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, görüşün məqsədi Ombudsmanın YUNİSEF-in Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığının növbəti mərhələsinin perspektivlərini müəyyənləşdirmək olub.
E.Süleymanova qonağa uğurla tətbiq olunan, uşaq hüquqlarının müdafiəsi üzrə tədbirlərin keçirilməsinin də nəzərdə tutulduğu Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsinin monitorinqi ilə əlaqədar bu yaxınlarda ölkənin 54 rayonuna səfərlər edərək, rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatları, KİV-lərin və icmaların nümayəndələrinin iştirak etdiyi ictimai dinləmələr keçirdiyini söyləyib.
Müvəkkil Ombudsman təsisatının uşaq hüquqlarının təmininə və təbliğinə də böyük diqqət yetirdiyini, fəaliyyət dövrü ərzində YUNİSEF-in ölkəmizdəki nümayəndəliyi ilə qarşılıqlı əlaqələrin qurulduğunu vurğulayıb. Əlilliyi olan insanların, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı Müvəkkil tərəfindən mühüm tədbirlərin görüldüyü, müvafiq dövlət orqanlarına təkliflər verildiyi bildirilib.
Müvəkkil YUNİSEF-lə əməkdaşlığın növbəti mərhələsində Ombudsman təsisatında əlillərin hüquqlarının müdafiəsi üzrə müvafiq işçi qrupu yaradılmasının, gələcəkdə Müvəkkilin bu konvensiya ilə bağlı ixtisaslaşmış məruzəsinin hazırlanmasında, həmçinin ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı məlumat bazasının təşkilində dəstək göstərilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.
M.Herevard Ombudsman təsisatının və Müvəkkilin regional mərkəzlərinin uşaq hüquqları sahəsində bilik və bacarıqlarının, fəaliyyət imkanlarının daha da inkişaf etdirilməsinə, habelə "Əlliliyi olan şəxslərin hüquqları haqqında" BMT Konvensiyasının ölkəmizdə tətbiqi üzrə monitorinqə, adı çəkilən uşaq resurs mərkəzlərinin işi ilə birlikdə tanış olaraq, bu istiqamətdə də müvafiq kömək göstərməyə hazır olduğunu bildirib.
Fikir mübadiləsi şəraitində keçən görüşdə milli müstəqil uşaq müdafiə mexanizminin gücləndirilməsi məsələsinə də toxunulub. Qonaq səmimi qəbul və ətraflı məlumat üçün Ombudsmana təşəkkürünü bildirib.
Görüşdə YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi rəhbərinin müavini Rəşid Mustafa iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB