Karapetyanın Kəlbəcər səfərinin pərdə arxası

Karapetyanın Kəlbəcər səfərinin pərdə arxası

İrəvan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını hər addımda sübut edir. Serj Sarkisyan indi də yüksək çinli məmurları ilə Bakının əsəblərini tarıma çəkməyə çalışır. İşğalçı ölkənin baş naziri Karen Karaetyanın Kəlbəcərə səfəri və orada mineral su istehsal edən zavodu açması, ardından Azərbaycan torpaqlarında istirahət etməsi işğalçının sülh istəmədiyinin növbəti təzahürüdür. Ermənistanın siyasi dairələri bununla bölgədə hərbi vəziyyəti daha da ağırlaşdırmağa çalışır. İrəvan münaqişənin diplomatik yolla həllinə “səy göstərən” ATƏT-in Minsk Qrupuna da mesaj ünvanlamaqla qurumun növbəti dəfə “gücsüz” olmasını nümayiş etdirir.

Karapetyanın istirahət üçün işğal olunan ərazilərimizi seçməsi Sarkisyan hakimiyyətinin daha bir siyasi dişidir. Karapetyan məhz Xarici İşlər Nazirlərinin görüşü ərəfəsində Kəlbəcəri seçir və düşmən ölkə demək istəyir ki, görüş reallaşsa belə İrəvan üçün heç bir mahiyyət daşımır. Ermənistanın bənzər həmlələri ilk dəfə deyil. Əvvəllərdə diplomatik təmasların intesivləşdiyi zamanlarda Sarkisyan hakimiyyəti oxşar siyasi manevirlər etməklə sülh prossesini müxtəlif yollarla əngəlləməyə çalışıb. Görünən odur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində sülh üçün bütün imkanlar tükənib. İrəvanın təxribatlarına Minsk üçlüyü tərəfindən reaksiya verilməməsi, bütün baş verənlərin fonunda nazirlərin bir araya gəlməsi həmsədrlərin “işləyirik” görüntüsünü sırımaqdan başqa bir şey deyil.

Düzdür Azərbaycan Karapetyan üzərindən edilən siyasi təxribata seyrici mövqeyi sərgiləsə də Bakının həmləsinin ağır nəticələr verəcəyi riski artmaqdadır. Dağlıq Qarabağda intensiv hərbi əməliyyatlar başlasa məsuliyyət birbaşa İrəvanın üzərinə düşür.

Ümid edək ki, həmsədrlər yaşananlara lazımı reaksiya verəcək. Daha doğrsu verməlidirlər. Ən azından hərbi müdaxilənin qarşısının alınması baxımından. Bakı sülh prossesinə sadiq oldğunu nümayiş etdirirsə mövcud siyasi mənzərə hər an dəyişə bilər. Prosseslər kiçik qığılcımla tamam başqa istiqamətə yön alar.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə