MSK-nın növbəti iclası keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, islasda ilk olaraq Komissiyanın 18 sentyabr 2010-cu il tarixli iclas protokolu təsdiq edilib.

 

Daha sonra 7 Noyabr 2010-cu il tarixinə təyin edilmiş parlament seçkilərində iştirak edəcək partiya və siyasi partiya bloklarının səlahiyyətli nümayəndələrinin qeydiyyatı məsələsinə baxılıb. MSK-nın katibi Natiq Məmmədov Azərbaycan Sosial Demokrat Partiyası 4 nəfər səlahiyyətli nümayəndə, 4 nəfər maliyyə məsələləri üzrə nümayəndə, Azərbaycan Liberal Demokrat Partiyası bir nəfər səlahiyyətli nümayəndə, 1 nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə, "İnsan Naminə" siyasi partiyalar bloku 4 nəfər səlahiyyətli nümayəndə,"AXCP-Müsavat" siyasi partiyalar bloku 75 nəfər səlahiyyətli nümayəndə, 71 nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə, Müasir Müsavat Partiyası 2 nəfər səlahiyyətli nümayəndə, bir nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə, Ana Vətən Partiyası 1 nəfər səalhiyyətli nümayəndə, 1 nəfər maliyyə məsələləri üzrə nümayəndə, "Qarabağ" siyasi partiyalar bloku 5 nəfər səlahiyyətli nümayəndə təyin etdiyini bildirib. Adıçəkilən partiya və siyasi partiya bloklarının təyin etdiyi səlahiyyəli nümayəndələrinin qeydə alınması üçün MSK-ya müraciət etdiyini deyən N.Məmmədov səlahiyyətli nümayəndələrinin qeydə alınması üçün əsasların olduğunu qeyd edib. Səlahiyyətli nümayəndələr MSK üzvləri tərəfindən yekdilliklə təsdiq edilib.

 

İclasda həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklərin edilməsi məsələsinə də baxılıb. 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairələrinin tərkibində dəyişiliklər qəbul olunub.

 

İclasın sonunda çıxış edən MSK sədri Məzahir Pənahov son məlumatlara görə, dairə seçki dairələrinə qeydə alınmaq üçün müraciət edənlərin 860 nəfər olduğunu söyləyib. MSK sədri onlardan 722-nin imza vərəqəsi götürdüyünü, 4-nün namizədliyinin isə qeydə alındığını diqqətə çatdırıb. M.Pənahov ölkə üzrə müşahidə aparmaq istəyi ilə qeydə alınan müşahidəçilərin sayının isə 394 olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə