Dünya Skaut Konfransının Bakıda keçirilməsinin ƏHƏMİYYƏTİ

Dünya Skaut Konfransının Bakıda keçirilməsinin ƏHƏMİYYƏTİ

“Artıq ölkəmiz dünyada beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi tanınmağa başlayıb. Belə ki, son illər ərzində Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib ki, onlardan da biri bu gün paytaxtımızda işə başlayan 41-ci Dünya Skaut Konfransıdır”. Bunu SİA-ya Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, deputat Şahin İsmayılov deyib.

Ölkəmizdə gənclər siyasətinə böyük diqqət ayrıldığını dilə gətirən deputat söyləyib ki, ötən dövrə nəzər salsaq ölkəmizdə bu sahə ilə bağlı bir sıra yerli və beynəlxalq tədbirlərin keçirildiyinin şahidi olarıq: “Bildiyiniz kimi avqustun 7-10-da Qəbələ şəhərində 13-cü Dünya Skaut Gənclər Forumu keçirildi. Həmin forumun davamı olaraq da bu gün Bakıda Dünya Skaut Konfransı keçirilir. Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi çox böyük əhəmiyyətə malikdir. Çünki konfransda iştirak etmək üçün ölkəmizə dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən artıq skautla yanaşı, Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) üzvlərinin nümayəndələri, eləcə də müxtəlif ölkələrdən yüksək vəzifəli qonaqlar gəlib. Bütün bunlar ümumilikdə ölkəmizin, iqtisadiyyatımızın, burada həyata keçirilən siyasətin gücünü göstərir”.

Ş. İsmayılov qeyd edib ki, bu cür tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin nə dərəcədə tolerant olduğunu bir daha nümayiş etdirir: “Baxmayaraq ki, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub, Azərbaycan regionda stabillik adası kimi tanınır. Bunu ölkəmizə gələn qonaqlar özləri söyləyir”.

Komitə üzvü vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsinin arxasında böyük araşdırmalar, kriteriyalar dayanır: “Yalnız uzun müddət müzakirələrdən, təhlillərdən, təşkilat komitəsinin dəyərləndirməsindən sonra hər hansı beynəlxalq tədbirin harada keçirilməsi ilə bağlı qərar qəbul edilir”.

“Dünya Skaut Konfransı Azərbaycada keçirilməsi həm də ölkəmizin tanıdılması baxımından da böyük əhəmiyyətə malikdir. Tədbirə gələnlər ölkəmizlə yaxından tanış olmaqla yanaşı, burada baş verən prosesləri öz gözləri ilə görmüş olurlar. Bütün bunların nəticəsidir ki, artıq Azərbaycanın tanınması ilə bağlı heç bir problem yoxdur. Azərbaycan deyəndə ölkəmizə qarşı müsbət fikirlər söylənilir. Çünki, biz ölkəmizin beynəlxalq tədbirləri yüksək səviyyədə həyata keçirən ölkə kimi tanınmasına nail olmuşuq”- deyə, deputat əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə