Lragir.am: “ABŞ-n Rusiyaya qarşı sanksiyaları Ermənistana da zərbə endirir”

Lragir.am: “ABŞ-n Rusiyaya qarşı sanksiyaları Ermənistana da zərbə endirir”

Erməni iqtisadçı-eksper Vaaqn Xaçatryan ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaların Ermənistana təsiri barədə fikirlərini şərh edərkən deyib ki, bu dəfə 2014-cü ilin ssenarisi təkrarlana bilər. Belə ki, birinci sanksiyalar dövrü rus rublu qiymətdən düşdü və nəticədə bu amil Rusiyadan Ermənistana olan transferlərin ölçüsündə də özünü göstərdi. Rusiyada alıcılıq qabiliyyəti aşağıya düşdü, erməni məhsulları rəqabətədavamlılığını itirmiş oldu və Ermənistandan Rusiyaya ixracatlar kəskin şəkildə azaldı. SİA xəbər verir ki, bu barədə “lragir.am”a danışan erməni iqtisadçı-ekspertinə görə, ümumiyyətlə, Rusiyada cərəyan edən iqtisadi proseslər Ermənistandan yan keçə bilməz. SİTAT: “Rusiya şirkətləri müəyyən mənada Ermənistanda fəaliyyət göstərir, bundan əlavə, biz ixrac məsələsi də daxil olmaqla, rus bazarından asılıyıq”.

Avropa və Amerika bazarlarına çıxış üçün GSP+ imtiyaz rejimi Ermənistana yardım edə bilməyəcək, çünki bu ölkənin məhsulları keyfiyyətsizdir

Vaaqn Xaçatryanın sözlərinə görə, Ermənistanın sonuncu sanksiyalardan nə zaman təsirlər ala biləcəyini indidən demək çətin olsa da, bunun mütləq baş verəcəyi gözlənilir. Belə ki, bu dəfəki snaksiyalar maliyyə və energetika sahələri ilə əlaqəlidir. “Rusiya iqtisadiyyatının energetika, eləcə də maliyyə sahələrindən asılı olduğunu nəzərə alarsaq, hesab etmək olar ki, sanksiyalar nəticəsiz qalmayacaq. Bu, əlavə xərclərə, eləcə də rus rublunun yeni devalvasiyasına gətirib çıxarmaqla yanaşı, erməni iqtisadiyyatına da zərbə vuracaq”-deyə qeyd edən Vaaqn Xaçatryan xatırladıb ki, daha öncəki sanksiyalar təqribən iki il davam etdi, bu ərəfədə Rusiya iqtisadiyyatı pis-yaxşı adaptə olunurdu. Ekspertə görə, hazırda Ermənistanda ilk zərbədən sonra ayaqda qalmağa çalışırlar, lakin ikinci sanksiyadan sonra yeni problemlər yaranmağa başlayır. SİTAT: “Eyni ssenarinin təkrarlanacağını istisna etmək olmaz. Hər şey Rusiya iqtisadiyyatının davamlılığından və müqavimət gücündən asılıdır, bu, energetika şirkətlərinin yeni mühitə necə alışacaqlarından sonra da bəlli ola bilər”.

Erməni iqtisadçısı texnologiyalardan istifadə edilməyəcəyi halda, sanksiyaların təsirinin artıq bir neçə aydan sonra təsir edəcəyini bildirib: “Yeni texnologiyalar Rusiyaya imkan verə bilər ki, müəyyən dərəcədə müstəqil iqtisadiyyatı qoruyub-saxlasın. Sanksiyalar həmçinin inkişaf barədə də düşünməyə vadar edir”.

Bununla yanaşı, Xaçatryan bildirib ki, Ermənistan digər ölkənin iqtisadiyyatından asılı olmamalıdır: “Diversifikasiya ixrac bazarına da aiddir. Yəni keyfiyyətli məhsul istehsal etmək lazımdır ki, həmin məhsullar yalnız Rusiyada deyil, Avropada da satılmalıdır. Bundan əlavə, bizim Avropa ilə GSP+ imtiyaz rejimi mövcuddur. Bizə lazımdır ki, Avropa və Amerika bazarlarına olan çıxışlarımızdan həmin imtiyaz rejimi vasitəsi ilə istifadə edək. Lakin biz, bundan yararlana bilmirik, çünki məhsullarımız keyfiyyətsizdir”.

Göründüyü kimi, erməni iqtisadçı-eksperti hətta düşdükləri çətin vəziyyətdən çıxış yolu olan imtiyaz rejimindən də istifadə edə bilməyəcəklərini etiraf edir. Çünki Ermənistan siyasi cəhətdən, o cümlədən iqtisadiyyat cəhətindən bilavasitə Rusiyadan asılı olan bir vassal ölkəsidir. Bu baxımdan, erməni iqtisadçısı Vaaqn Xaçatryan heç bir halda ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalardan Ermənistanın yaxa qurtara bilməyəcəyini açıq şəkildə vurğulayır.

Rusiyada fəaliyyət göstərən erməni repatriantlar Ermənistana geri dönəcəkləri halda, bu ölkədə hansı işlə məşğul olacaqlarını bilmirlər

Bu arada, adıçəkilən saytın digər analitik bölümündə bildirilir ki, artıq Rusiyada yaşayan ermənilər Ermənistana geri dönməkləri barədə düşünməyə başlayıblar. Onların belə bir fikrə düşmələri isə məhz Rusiyanın iqtisadi cəhətdən çətin vəziyyətə düşməsi, eyni zamanda əmək bazarının ucuzlaşması ilə bağlıdır. “Xüsusilə, ABŞ-ın yeni sanksiyaları rus rublunun perspektivli düşüşünü və gəlirlərin azalmasını sürətləndirib”- deyə yazan saytın analitik bölməsində əlavə edilir ki, hətta Rusiyada fəaliyyət göstərən erməni repatriantlar (işçi qüvvəsi-R.R.) Ermənistana geri dönəcəkləri halda bu ölkədə hansı işlə məşğul olacaqlarını bilmirlər. Ona görə də sual olunur: “Rusiyadan Ermənistana geri dönən insanlar hansı işlə məşğul olacaqlar? Kiçik biznesin, fermer təsərrüfatlarının təşkil olunması və inkişafı üçün zəmanət verənlər varmı? Dövlət əmək repartiantlarının mümkün axınına qarşı hazırlıqlar aparırmı?”

Qeyd edilir ki, normal hökumət üçün iş təcrübələri olan insanların yenidən ölkələrinə qayıtması yaxşı hal olardı və hökumət yaranmış situasiyadan istifadə edərək bu potensialı inkişafa doğru yönəldərdi: “Lakin Ermənistan hakimiyyətində əmək miqrantlarının vətənlərinə dönüşlərinə yaxşı baxılmır. Digər tərəfdən, insanların ölkədən çıxışları üçün hər şey edilib, çünki gedənlər sonradan Ermənistandakı ailələrinə öz məvaciblərinin bir hissəsini göndərir ki, bu pulların ölkəyə göndərilməsinə görə dövlət bir sent də xərc çəkməyib”.

Hakimiyyət əmək miqrantlarının geriyə qayıdaraq, qiyam ediləcəyindən qorxur

Həmçinin bildirilir ki, Ermənistanda miqrantların geri dönüşlərindən ən çox qorxan da hakimiyyətdir, çünki həmin insalar sonradan qiyam, inqilab edə bilərlər. Belə ki, bu barədə Ermənistanın sabiq baş naziri Tiqran Sarkisyan da etiraflar etmişdi. “Eyni zamanda həmin adamlar özləri üçün komfortlu iqtisadi bataqlıq yaratmış erməni oliqarxlarına da ciddi maneələr yarada bilərlər”-deyə adıçəkilən analitik yazıda bildirilir. O cümlədən, Ermənistandakı demoqrafik vəziyyət barədə də fikirlər qeyd olunur: “Ermənistanda demoqrafik vəziyyət katastrofikdir. Bu il ali təhsil müəssisələrində minlərlə boş yerlər qalıb, məktəblilərin sayı durmadan azalır, nəticədə məktəblərin bağlanması məcburiyyəti yaranır. Kəndlər var ki, orada aylarla kişilər olmur, bütün işləri isə qadınlar görür. Alıcılıq qabiliyyəti yox dərəcəsindədir və mağaza işlədənlər ümumiyyətlə, alıcı qıtlığı yaşadıqlarını bildirirlər”.

Ermənistanın düşdüyü ağır vəziyyətin daha da ağırlaşmasını məhz ABŞ-ın Rusiaya qarşı çıxardığı sanksiyaların nəticələrindən də gözləmək olar

Analitik yazıda Ermənistan rəhbərliyinə və hökumətinə suallar ünvanlanır: Reaptriasiya dalğası baş verərsə, hökumət bunu iqtisadiyyatın inkişafına doğru istiqamətləndirməkdə özündə güc tapacaqmı? Hökumət, iqtisadiyyatın demonopolizə edilməsini bacaracaqmı?

Fakt isə budur ki, istər ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar olsun, istərsə də olmasın, Ermənistan bütün cəhətlərdən dalana dirənmiş bir vəziyyətdədir. Hətta bu ölkə rəhbərliyinin yaxın qonşuları ilə danışıqlara can atması, enerji layihələri istiqamətində göstərdiyi cəhdləri belə puç olur. Çünki heç bir ağıllı ölkə ac, kasıb və yoxsul Ermənistanla iqtisadi əməkdaşlıq etməz. Etsə, mütləq uduzar. Bu baxımdan, Ermənistanın düşdüyü ağır vəziyyətin daha da ağırlaşmasını məhz ABŞ-ın Rusiaya qarşı çıxardığı sanksiyaların nəticələrindən də gözləmək olar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə