VHP Siyasi Şurasının üzvü: “Mən şəxsən bloklaşmanın əleyhinə olmuşam”
"Mən şəxsən bloklaşmanın əleyhinə olmuşam". Bunu SİA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının üzvü Samir Əsədli bildirib. Onun sözlərinə görə, bloklaşma şəklində seçkilərə qatılma partiyanın Siyası Şurasının tərəfdar çıxmasından sonra qərara alınıb: "Seçkilərə blok şəklində qatılanda bunun effekti yaxşı olur. Təbii ki, bunun necə effektli olmasını seçkilərdən sonra daha aydın şəkildə biləcəyik".
Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısının açıqlanmasından sonra partiyanın iddialarında dəyişiklik edilib-edilməyəcəyinə gəlincə, VHP Siyasi Şurasının üzvü bildirib ki, təmsil etdiyi partiya Yeni Azərbaycan Partiyasından iki gün əvvəl öz siyahısını açıqlayıb və heç bir dəyişiklik etməyib: "Nəzərdə tutduğumuz seçki dairələri üzrə namizədlər öz hazırlıqlarını aparırlar. YAP-ın siyahısı açıqlananda sənədlər dairə seçki komissiyalarına təqdim olunmuşdu. Hər hansı bir ciddi dəyişiklik olmayıb".
Keçən seçkilərdən fərqli olaraq bu seçkilərdə heç bir partiyanın boykot qərarını verməməsinə gəlincə, S.Əsədli Azərbaycanda boykot mexanizminin işləmədiyini və bunun hər hansı bir formada baş tutan məsələ olmadığını deyib: "Biz Vətəndaş Həmrəyliyi Partiyası olaraq seçkilərin boykot edilməsinin tərəfdarı deyilik. Azərbaycanda boykot mexanizmi işlək deyil və bu hər hansı bir formada baş tutan məsələ deyil. Azərbaycanın müxalifət partiyaları axırıncı prezident seçkilərini boykot etdilər. Ancaq bundan başqa bütün seçkilərdə müxalifət partiyaları iştirak ediblər. Partiyamız keçirilən bütün seçkilərə qatılıb".
Seçki hazırlığından da danışan partiya Siyasi Şurasının üzvü söyləyib ki, hazırda namizədlərin irəli sürülməsi prosesi gedir: "Demokratiya" siyasi partiyalar blokunda olan iki partiya tərəfindən 117 seçki dairəsi üzrə 120 namizəd irəli sürülüb. Hazırda namizədlərin 80-dən artığı imza vərəqələri əldə ediblər və imzatoplama kampaniyasına başlayıblar. Bu gündən və sabahdan etibarən bütün namizədlər imza toplaması kompaniyasına başlayacaqlar. Artıq namizədlərin bir çoxu imza vərəqələrin seçki dairələrinə təqdim ediblər. İmzatoplama dövrü uğurla davam edir. Hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb və yaxud müdaxiləyə rast gəlməmişik. Proses Seçki Məcəlləsinin tələbinə uyğun olaraq davam edir. Bu blokun seçkiyə qatılması ilə bağlı seçkilərdə namizədlərin platformaları və hazır şüarlar seçkiqabağı dövrün tələbinə uyğun olaraq bütün sferalarda həyata keçiriləcək. Tədbirlər və layihələr demək olar ki, hazırdır. Blok seçkilərə əvvəlki seçkilərdən fərqli olaraq mütəşəkkil formada, Türkiyədə fəaliyyət göstərən siyasi partiyaların, Avropada olan patiyaların təcrübələrindən istifadə edərək qatılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB