Eldar İbrahimov: “Metyu Brayza səfir təyin olunduqdan sonra o öz vəzifəsindən istifadə edərək ölkəmizin mənafelərini güdəcək”-RƏY

Eldar İbrahimov: “Metyu Brayza səfir təyin olunduqdan sonra o öz vəzifəsindən istifadə edərək ölkəmizin mənafelərini güdəcək”-RƏY
"ABŞ Senatının xarici əlaqələr komitəsi ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, Birləşmiş Ştatlar dövlət katibinin Avropa və Avrasiya üzrə müavinin sabiq köməkçisi Metyu Brayzanın Azərbaycana səfir vəzifəsinə namizədliyini təsdiqləməsi müsbət haldır". Bu sözləri millət vəkili Eldar İbrahimov SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, M.Brayzanin digərlərindən fərqləndirən cəhət ATƏT-in Minsk qrupunun keçmiş üzvü olmasıdır.

O bildirib ki, M. Brayza ATƏT-in Minsk qrupunun keçmiş üzvü kimi həm Azərbaycan, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş biliklərə malik olması bu münaqişənin həllinə müsbət təsir edə bilər.

"Ümumiyyətlə, Brayza Dağlıq Qarabağ münaqişəsini daha yaxından bilir və bu işin içində olan bir adamdır. Məhz ona görə də onun səfir təyin edilməsi müsbət haldır. Təbii ki, o ATƏT-in Minsk qrupunun üzvü kimi Azərbaycanın mövqelərini, mənafeyini qoruyacaq söz danışa bilmirdi. Amma indi səfir təyin olunandan sonra o öz vəzifəsindən istifadə edərək ölkəmizin mənafelərini güdəcək. Mən hesab edirəm ki, Brayza Azərbaycanın mənafelərini qoruyacaq. Azərbaycanı onun kimi yaxından bilən bir adamın ölkəmizə səfir təyin olunmasını Dağlıq Qarabağ münaqişəsinin həllindən əlavə ABŞ-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində yüksək qiymətləndirmək olar",- deyə E. İbrahimov əlavə edib.
Xatırladaq ki, Metyu Brayzanın namizədliyini ABŞ prezidenti Barak Obama irəli sürüb.

Qeyd edək ki, 2009-cu ilin iyulunda keçmiş səfir Enn Dörsinin səlahiyyət müddəti başa çatdıqdan sonra ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi boşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə