Kür və Araz çaylarında növbəti monitorinqlər keçirilib

Kür və Araz çaylarında növbəti monitorinqlər keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabr ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.

ETSN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının I ongünlüyünə nisbətən 28 m3/san artaraq 113 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 3, Ağstafaçayda mis birləşmələri 3 dəfə, fenollar 4 dəfə, Ağstafaçay su anbarında isə fenol və mis birləşmələri 3 dəfə YVQH-ni ötüb.

Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 4,72 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenol və mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə mis birləşmələri 2, fenollar 3 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 6,30-6,70 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə