Azad Rəhimov: "Ağır Atletika Federasiyası dopinq məsələlərində nazirliyi narahat edir" - MÜNASİBƏT

Azad Rəhimov: "Ağır Atletika Federasiyası dopinq məsələlərində nazirliyi narahat edir" - MÜNASİBƏT

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Avropa Şurasına üzv olan ölkələrin idman nazirlərinin toplantısında brifinq keçirib. SİA-nın məlumatına görə, A.Rəhimov bu tədbirin Avropa Şurası tərəfindən ilk dəfə ölkəmizdə təşkil olunduğunu, Azərbaycanın isə bu mötəbər tədbirə ilk dəfə ev sahibliyi etdiyini bildirib.

Tədbirin Azərbaycan üçün vacib əhəmiyyət daşıdığını deyən gənclər və idman naziri bunun digər səbəblərini də açıqlayıb: "Bu tədbir bizim üçün vacibdir. Bildiyiniz kimi bu yaxınlarda Azərbaycanda futbol totalizatoru fəaliyyətə başlayıb. Dünyada və Avropada olan təcrübə bizim üçün çox önəmlidir".

Antidopinq məsələlərinə gəldikdə nazir deyib ki, Azərbaycanda da bu məsələ ilə bağlı Nazirliyi narahat edən federasiya var: "Ağır atletika federasiyası antidopinq məsələsində bizi narahat edir. İstərdik ki, dopinq məsələsinə nəzarət daha da artsın və belə məsələlər bizim idmançıların arasında olmasın".

Nazir tədbirdə müzakirə olunacaq idmançılara vizaların verilməsi məsələsinə də münasibət bildirib: "Bilirik ki, idmançılarımız viza məsələsində əziyyət çəkirlər. Bəzi beynəlxalq idman yarışlarına vaxtında gedib çata bilmirlər. Vizanın müddəti çox qısa olur və mən çox şadam ki, bu mövzular bugünki gündəliyə daxil olub".

Bütün xəbərlər Facebook səhifəmizdə