Müxalifət “liderləri” özləri-özlərini necə təkzib edirlər? SİYASİ

Yaxud, əvvəlcə bir fikir, sonra isə başqa iddia
Müxalifət “liderləri” özləri-özlərini necə təkzib edirlər? SİYASİ

Son günlər ənənəvi müxalifət düşərgəsinin mütəmadi olaraq toxunduğu mövzulardan biri də düşdükləri ağır vəziyyətdən çıxış yolu axtarmalarıdır. Və maraqlı cəhətlərdən biri də budur ki, onların hər biri elektoratlarının zəif olduğunu etiraf etsələr də necə deyərlər, “kürəklərini yerə qoymaq” fikri ilə də razılaşmırlar. Bu amil isə əslində, düşərgənin ən zəif nöqtəsidir ki, bunu etiraf etməyə cürətləri çatmır. SİA xəbər verir ki, bu arada, sözügedən vəziyyətlə bağlı müxalifət partiyalarının aparıcı adamları da fikirlərini açıqlayarkən, eyni düşüncəyə sahib olduqlarını sərgiləyiblər...

ALP sədri Əvəz Temirxan: “Ənənəvi müxalifəti təmsil edən siyasi partiya və qrupların proseslərə adekvat olmayan passivliyi başqa bir zərurəti ortaya çıxarır”

Məsələn, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan bir tərəfdən etiraf edir ki, müxalifətin apardığı siyasət ictimai rəy tərəfindən qəbul edilmir, digər tərəfdən müxalifətin ictimai rəy qarşısında yenidən ayağa qalxmaq gücündə olduğunu deyir. SİTAT: “...Xüsusilə ənənəvi müxalifətin illər uzunu apardığı siyasətdən uzaq fəaliyyəti cəmiyyət daxilində narazılıqla qarşılandığından proseslərə yanaşmada passivlik hiss edilir. Ənənəvi müxalifəti təmsil edən siyasi partiya və qrupların proseslərə adekvat olmayan passivliyi başqa bir zərurəti ortaya çıxarır. Hesab olunur ki, vəziyyəti ölkənin lehinə çevirmək və köklü islahatları reallaşdırmaq yeni, ətrafında daha çox sayda qüvvəni cəmləyə biləcək siyasi partiya, yaxud hərəkatı zəruri edir. Nəzərə alsaq ki, müxalif düşərgəni təmsil etdiyini bildirən mövcud siyasi partiyalar da o qədər aktiv deyil, bu da proseslərə yeni baxışı labüd etməlidir”.

Göründüyü kimi, ALP sədri çox sayda qüvvəni cəmləyə biləcək siyasi partiya, yaxud hərəkatların yaradılmasını təklif edir, ancaq daha öncə səsləndirdiyi fikri ilə axrıncı fikri bir-birini tamamlamır. Yəni ictimaiyyət müxalifətin apardığı siyasətə dəstək göstərmirsə, müxalifət passivliyi aradan qaldırmaqda çətinlik çəkirsə, əlbəttə xalq da onlara ümumiyyətlə, inanmayacaq. Çünki ilk növbədə düşərgədəki siyasi təşkilatlar özləri üzərində islahatlar aparmağa güc tapmalıdırlar. Fəqət, bu gücün onlarda olmadığı elə mövcud vəziyyətlərindən də bəlli görünür.

Müsavat partiyasının başqan müavini Elman Fəttah: “Siyasi partiyanın təşkilatlanması mümkün deyil”

Digər fikir isə Müsavat partiyasının başqanı Elman Fəttahındır. Müsavatçı funksioner də demək olar ki, ALP-li həmkarı kimi fikir bildirsə də digər tərəfdən öz zəifliklərinin əsas təqsirkarı qismində xalqın olduğunu deyir. Halbuki bu gün təkcə Müsavatda davam edən parçalanmalarının və istefaların, bu partiyadan küsərək gedən şəxslərin isə ayrı-ayrı siyasi təşkilatlar yaratmalarının fonunda başqan müavininin günahı dolayısı ilə xalqda axtarması yolverilməzdir. Müxalifətyönlü mediaya açıqlamasında fikir bildirən E.Fəttah deyib ki, mövcud siyasi şəraitdə təşkilatlanmaları məhduddur və o, siyasi partiyalarla yanaşı, əhali arasında da təşkilatlanma imkanlarının tamamilə məhdud olduğunu düşünür. Maraqlıdır, bu gün ölkədə istənilən şəxs siyasi partiya, QHT və s. qurum yarada bilir və bu istiqamətdə bir çox asanlaşdırıcı proseslər mövcuddur. Elə isə E.Fəttah hansı məhdudiyyətdən danışır? Söz yox ki, düşdükləri ağır və rüsvayçı siyasi durumu pərdələmək üçün hər hansı bəhanəni dilə gətirmək olar, ancaq burada xalqı istər birbaşa, istərsə də dolayısı ilə hədəfə çevirmək ümumiyyətlə, doğru düşüncə tərzi sayıla bilməz. Ona görə də “belə vəziyyətdə hansısa siyasi partiyanın geniş miqyasda təşkilatnaması qeyri-mümkündür”-deyən müsavatçı funksionerin “siyasi iş imkanları tamamilə məhdudlaşdırılıb” tipli fikirləri reallığı əks etdirmir.

Üstəlik, təmsil olunduğu partiyasını tərif edərək, digər partiyalardan üstün tutmağa çalışan E.Fəttah hətta yaradılacaq digər müxalifət partiyasının Müsavatın əldə edə bilmədiyini məhz həmin partiyanın edəcəyinə inanmadığını bildirib. SİTAT: “İnanmıram ki, Azərbaycanda kimsə siyasi partiya yaradıb, məsələn, Müsavat partiyasının nail ola bilmədiklərinə nail olacaq. Ümumiyyətlə, həmin siyasi partiyanın təşkilatlanması mümkün deyil”.

Xalq onları dəstəkləmirsə, demək onlar da öz siyasət yollarına birdəfəlik nöqtə qoymağa məhkumdurlar

Ona görə də zəifliklərini xalqda, onları dəstəkləməyən ictimai rəydə axtaran müsavatçı funksioner burada da necə deyərlər, özünü “yandırıb”. Misal üçün, o bir yandan deyir ki, guya “ölkədə narazılıq yüksək həddədir”. O biri tərəfdən də bildirir ki, “insanlar bu narazılığı etiraz müstəvisinə keçirəcək qədər hazırlıqlı deyillər” (?!-R.R.) Yaxşı, əgər onun hesabına görə, narazılar çoxdursa, biz nəyə görə onların Müsavatın, AXCP-nin və s. özündən razı olan müxalifət partiyalarının mitinqlərində görmürük? Bu faktın özü onların real vəziyyətini əks etdirmirmi?

Əslində, fakt göz önündədir və düşərgə təmsilçilərinin bu və ya digər şəkldə çullarını sudan quru çıxarmaq cəhdləri də yersiz görünür. Bir halda ki, xalq onları dəstəkləmirsə, demək onlar da öz siyasət yollarına birdəfəlik nöqtə qoymağa məhkumdurlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə