Asim Mollazadə Belçikada “Xəzər regionunda təhlükəsizlik” mövzusunda məruzə edəcək
Avropa Siyasət Mərkəzi və Transxəzər Platforması Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəni Brüsseldə keçiriləcək "Xəzər regionunda təhlükəsizlik" mövzusunda Transxəzər Dəyirmi Masasına dəvət edib.
Partiyadan SİA-ya verilən məlumata görə, millət vəkili Dəyirmi Masada Xəzər regionunda təhlükəsizlik və Azərbaycanın bu sahədə verə biləcəyi töhfələrlə bağlı məruzə edəcək. Eyni zamanda Dəyirmi Masanın panellərindəki diskussiyalara qatılacaq.
Sözügedən Dəyirmi Masanı keçirməkdə məqsəd Avropa Birliyi ölkələri ilə Xəzər regionu arasında qarşılıqlı əlaqələri koordinasiya etmək, mümkün əməkdaşlıq variantlarını axtarmaq, Xəzər regionun təhlükəsizliyinin qorunmasında AB-nin necə iştirak edə biləcəyinə aydınlıq gətirməkdir.
Asim Mollazadə region üzrə siyasi ekspert olaraq AB və Xəzər regionu arasında təhlükəsizlik (o cümlədən, enerji, terror təhlükəsizliyi), geopolitik sahədə əməkdaşlıq imkanları barədə çıxış edəcək, ölkəmizin AB-yə verə biləcəyi töhfələrdən danışacaq. Millət vəkili həmçinin Xəzər regionunda təhlükəsizliyə əngəl törədən regional münaqişələrdən, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyada sülhyaratmaya mane olan səbəblərdən söhbət açacaq.
Xatırladaq ki, Avropa Siyasət Mərkəzi Avropa Birliyinin siyasəti ilə bağlı bu quruma üzv olan dövlətlərin vəzifəli şəxslərini məlumatlandırmaq, analizlər aparmaq, Avropa inteqrasiyası ilə bağlı layihələrə dəstək vermək istiqamətində fəaliyyət göstərir. Həmçinin Transxəzər təşəbbüsləri ilə çıxış edir, Xəzər hövzəsi ölkələri ilə Avropa Birliyi ölkələri arasında qarşılıqlı maraqları öyrənir, Xəzəryanı ölkələrin AB-yə doğru irəliləməsinə yardım göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB